Xəbər lenti

El-Nino ilə bağlı həyəcanverici rekord: Okean görünməmiş həddə qızır
Dünya00:00 12.10.2026

El-Nino ilə bağlı həyəcanverici rekord: Okean görünməmiş həddə qızır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

El-Nino iqlim hadisəsinin inkişaf etdiyi Sakit okean müşahidələr tarixində indiyədək olduğundan daha isti olub. “Climate Reanalyzer” platformasının məlumatına görə, El-Nino göstəricilərindən biri hesab edilən okean ərazisində səth suyunun temperaturu bu həftə ilk dəfə 30 dərəcəni ötüb. Son dövrdə bütün okeanların səthində orta temperatur isə 21,08 dərəcə Selsi təşkil edib.

Qaynarinfo xəbər verir ki, “Focus” nəşrinin yazdığına görə, son həftələrdə temperatur göstəriciləri demək olar ki, fasiləsiz yüksəlir və əvvəlki illərin bütün göstəricilərini xeyli üstələyir. Britaniyalı vulkanoloq və iqlim tədqiqatçısı Bill Makqvayr “X” sosial şəbəkəsində “Dəlilikdir, sadəcə dəlilikdir”, – deyə yazıb.

Bremerhafendə yerləşən Alfred Veqener İnstitutunun iqlim fizikası üzrə mütəxəssisi Helqe Hessinq bildirib ki, ölçmələrin başlanmasından bəri belə temperatur qeydə alınmayıb. Onun sözlərinə görə, bu, fövqəladə “superhadisədən” xəbər verir. 1997 və 2015-ci illərdə müşahidə olunan güclü El-Nino hadisələri ilin bu dövründə indiki göstəricidən bir dərəcədən çox aşağı temperaturla müşayiət olunmuşdu.

Ümumdünya Meteorologiya Təşkilatı proqnozlaşdırır ki, oktyabr-dekabr aylarında Sakit okeanın mərkəzi və şərq hissələrində səth temperaturu yeni rekord həddə çatacaq. El-Nino hadisəsinin dekabrda pik səviyyəyə yüksələcəyi və 2027-ci ilin fevralına qədər davam edəcəyi gözlənilir.

El-Nino nədir?

El-Nino müntəzəm olaraq, təxminən iki ildən yeddi ilədək fasilələrlə baş verən təbii iqlim hadisəsidir. Bu hadisə iqlim dəyişikliyindən qaynaqlanmır, lakin onun nəticələrini gücləndirə bilər. Okeanın mühüm bir bölgəsində isti və rütubətli hava yüksələrək qlobal küləklərin və hava axınlarının istiqamətini dəyişir.

Ümumdünya Meteorologiya Təşkilatının rəhbəri Seleste Saulo hadisəni belə izah edib:

“El-Nino planetə yeni istilik gətirmir. O, okeanın səthinin altında artıq toplanmış istiliyi sərbəst buraxır. Güclü El-Nino hadisələrinin bütün dünyada temperaturun yüksəlməsinə tez-tez səbəb olması da bununla bağlıdır”.

2026-cı ildə El-Ninonun gücü

Xatırladaq ki, meteoroloqlar bu ilki hava hadisəsinin müşahidələr tarixində ən güclü El-Nino ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Tədqiqatçıların qiymətləndirmələrinə görə, ekstremal yüksək temperaturun qeydə alındığı günlərin sayı adi illərlə müqayisədə 44 faiz artacaq. Alimlər hesab edirlər ki, El-Nino ilə əlaqəli istilər bütün dünyada yaşlı və səhhəti zəif olan insanlar üçün ciddi təhlükə yarada bilər.

Aydın