Azərbaycan Prezidenti İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xüsusi rolunu qeyd edib.
Qaynarinfo xəbər verir ki, İlham Əliyev bunu Şavkat Mirziyoyevlə birgə mətbuata bəyanatında bildirib.
"Bir daha Prezident Şavkat Mirziyoyevin Qarabağa investisiyaların cəlb olunmasında xüsusi rolunu qeyd etmək istərdim. İlk yardım Özbəkistan tərəfindən göstərilib: 960 şagird yerlik məktəbin tikintisi, ilk iri sənaye müəssisəsi olan tikiş istehsalına investisiya – bunların hamısı yenə Özbəkistanla bağlıdır. Qarabağ regionunda və bir çox digər bölgələrdə qarşılıqlı fəaliyyət üzrə gələcək planlarımız da var", – deyə dövlət başçısı bildirib.
Azərbaycan liderinin sözlərinə görə, bu gün açılışı və ya təməlqoyma mərasimi keçirilən layihələr arasında yalnız Bakı və Daşkənddə deyil, digər regionlarda həyata keçirilən təşəbbüslərin də təmsil olunması diqqətəlayiqdir.
"Dünən keçirilmiş regionlararası əməkdaşlıq forumu da böyük praktiki maraq doğurur. Deməli, biz səylərimizi birləşdirir, hazırda deyildiyi kimi, sinerji yaradırıq. İrəliləmək üçün konkret tədbirlər planımız var və hər bir layihə konkret məzmunla təmin olunub", – deyə İlham Əliyev vurğulayıb.
Şərhlər