Dünya 14:26 01.06.2023

İlon Maskın 44 milyarda aldığı “Twitter”in dəyəri indi 3 dəfə ucuzdur

Twitter-in bazar dəyəri hazırda iş adamı İlon Maskın onu almaq üçün ödədiyi məbləğin üçdə birinə bərabərdir.

Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg, Fidelity investisiya holdinqinə istinadən məlumat yayıb.

Mask sosial şəbəkəni 44 milyard dollara alıb və onun bazar dəyərindən çox pul ödədiyini etiraf edib. O, bu yaxınlarda etiraf edib ki, indi şirkətin dəyəri iki dəfə ucuzdur. Fidelity keçən ilin noyabrında Twitter səhmlərinin dəyərinin 44% azaldığını bildirib və o vaxtdan bəri iki dəfə də ucuzlaşması barədə məlumat verib. 
Twitter İlon Maska borclarla birlikdə ümumilikdə 13 milyard dollara satılıb. İş adamının verdiyi xaotik qərarlar sosial şəbəkənin reklam gəlirinin 50% azalmasına səbəb olub. Vəziyyəti düzəltmək üçün Mask hər kəsə autentifikasiya etməyə və hesab adının yanında mavi işarə almağa imkan verən Twitter Blue abunəliyini təklif etməyə başlayıb. İndiyədək sosial şəbəkənin aktiv istifadəçilərinin 1%-dən az hissəsi onu alıb.

Fidelity-nin məlumatlarını nəzərə alan Bloomberg Billionaires Index-ə görə, 2022-ci ildə İlon Maskın şirkəti alarkən əldə etdiyi Twitter payı 25 milyard dollardan çox idisə, hazırda onun dəyəri 8,8 milyard dollardır.

Nizami Bağırov