Dünya 16:27 08.03.2023

"Şimal axını"nda təxribatı "ukraynalı sponsor" maliyyələşdirib - Qərb kəşfiyyatı onun adını bilir

Qərb kəşfiyyat orqanları bir neçə aydır ki, "Şimal axını”nda təxribatın "şəxsi sponsoru” olmuş ukraynalının adını bilirlər, lakin onlar bilərəkdən, Ukraynanı qorumaq üçün onun kimliyini açıqlamamağa qərar veriblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times” yazır.

"Kəşfiyyat məlumatlarına görə, bu, amerikalılar, ruslar və ya polyaklar tərəfindən deyil, Ukraynadan olan özəl təşkilat tərəfindən həyata keçirilib”, deyə məqalədə qeyd edilir.

Nəşr yazır ki, Rusiya-Almaniya boru kəmərinin partladılması ilə bağlı rəsmi araşdırmanın niyə belə ləng getməsi ilə bağlı hər hansı sualın qarşısını almaq üçün kəşfiyyat dairələrinə bu məlumatın açıqlanmayacağı bildirilib.

Prezident Volodimir Zelenski hökuməti ilə heç bir əlaqəsi olmayan ukraynalı iddia edilən şəxsi sponsorun adı bir neçə aydır ki, kəşfiyyat dairələrinə məlumdur, lakin onun adı açıqlanmır.

Jurnalistlərin fikrincə, məlumat həm də ona görə açıqlanmır ki, NATO rəsmiləri Ukraynanı "Leopard 2" tankları və IRIS-T hava hücumundan müdafiə sistemi də daxil olmaqla, hərbi yardımın çatdırılmasını uzun müddət gecikdirən Almaniya ilə açıq mübahisədən qorumaq istəyirdilər. 

"Mürəkkəb əməliyyata yaxtanın, elit dalğıcların cəlb edilməsi, saxta pasportlar və xüsusi lisenziya əsasında yalnız qaz və neft sənayesində mövcud olan və külli miqdarda pul müqabilində alınan partlayıcı maddələr daxildir”, deyə araşdırmada bildirilir.

Bununla belə, nəşr yazır ki, özünəməxsus "vizit kartı” qoyub getdiyini nəzərə alsaq, sponsorun adı "mütləq gündəmə gələcək”. 

Daha əvvəl, "The New York Times” qəzeti ABŞ-ın yeni kəşfiyyat məlumatları ilə tanış olan və adının açıqlanmasını istəməyən ABŞ rəsmilərinə istinadən yazıb ki, "Şimal axını” qaz kəmərlərinin təxribatının arxasında "Ukraynayönlü qrup” dayana bilər.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Baltik dənizində "Şimal axını” qaz kəmərinin partladılması ilə Ukraynanın heç bir əlaqəsi yoxdur.

Xatırladaq ki, keçən il sentyabrın 26-da Rusiyanın "Şimal axını-2” qaz kəmərində təzyiqin kəskin aşağı düşməsi məlum olub və ertəsi gün "Şimal axını-1”də də eyni problemlə bağlı xəbərlər yayılıb. Baltik dənizinin dibi ilə İsveç və Danimarka sahillərindən keçən hər iki qaz kəməri o vaxt işləmirdi, texniki qazla doldurulurdu.

Hadisə Baltik dənizində Danimarkanın Bornholm adası yaxınlığında - Danimarkanın ərazi sularından kənarda, lakin onun müstəsna iqtisadi zonasında təxminən 70 metr dərinlikdə baş verib.

Həmin günlərdə ümumilikdə üç güclü sızma qeydə alınıb. Sentyabrın 29-da İsveç Sahil Mühafizəsi dördüncü qaz sızması barədə məlumat verib. Polşa və Ukrayna partlayışlarda Rusiyanı, Kreml rejimi isə öz növbəsində "anqlo-saksonları”  günahlandırıb və bunda Rusiyanın əli olduğunu inkar edib.

İsveç Milli Seysmik Mərkəzin SNSN professoru Byorn Lund bildirib ki, sualtı partlayışlar boru kəməri marşrutları boyunca baş verib - təbii ki, geoloji deyil, sünidir.

2022-ci ilin noyabrında İsveç təhlükəsizlik xidməti boru kəmərlərinin yaxınlığında partlayıcı maddələrin tapıldığını təsdiqləyib.

Nizami Bağırov