Xəbər lenti

İngiltərəli hakimlər ərəblərin təklifini qəbul etsələr problem yaşayacaqlar - Məşhur referi açıqladı
İdman 13:35 29.09.2023

İngiltərəli hakimlər ərəblərin təklifini qəbul etsələr problem yaşayacaqlar - Məşhur referi açıqladı

Yay transfer dönəmində Kriştiano Ronaldo başda olmaqla dünya futbolunun bir çox ulduzlarını transfer edən Səudiyyə Ərəbistanı klubları fırtına yaratdı demək yalan olmaz.

Qaynarinfo-nun məlumatına görə, böyük pullar qarşılığında ərəb klublarında oynamağa razılıq verən tanınmış futbolçularla yanaşı hakimlərin də sözügedən ölkəyə yollanması gündəmə gəlib. Daha doğrusu, son günlər müxtəlif KİV-lərdə yazılan xəbərlərə görə ərəblər indi də İngiltərə Premyer Liqasından hakimləri cəlb etmək istəyir. Ərəblər ingilis hakimləri tam ştatlı şəkildə işə götürməyə və onlara əmək haqqı ödəməyə hazırdırlar. Hansı ki, onların maaşlarının İngiltərədə qazana biləcəkləri illik 120,000-300,000 funt-sterlinqdən heç də az olmayacağı deyilir. Ancaq heç də hər kəs bunun yaxşı addım olduğunu düşünmür. 

İngiltərəli tanınmış sabiq hakim, 2017-ci ildə Premyer Liqadan ayrılaraq işləmək üçün Səudiyyə Ərəbistanına yollanan Mark Klattenburq həmkarlarına xəbərdarlıq edib. O, Premyer Liqa hakimlərinin ərəblərin təklifi ilə razılaşacaqları təqdirdə, böyük turnirlərdə hakimlik etmək şansını itirə biləcəklərini deyib. 2017-ci ildən Səudiyyə Ərəbistanında hakimlərin direktoru olmaq üçün Premyer Liqadakı işindən imtina edən Klattenburq gözlənilməz problem aşkarlayıb. O "The Times”ə açıqlamasında, "Avropadan oraya tam ştatlı hakimlərin getməsi ideyası ilə bağlı problem odur ki, Çempionlar Liqası , Avropa və ya dünya çempionatlarında hakimlik şansından imtina etmiş olurlar. Avropada yüksək yerlərdən birini tutaraq hələ də dünya çempionatına gedə biləcəyimi düşünürdüm. Lakin FİFA və UEFA mənə səudiyyəli hakim kimi baxmağı tələb etdi. Ancaq orada heç kimin yerini tutmaq istəmədim".

Klattenburqun Səudiyyə Ərəbistanındakı fəaliyyəti cəmi 18 ay davam etdi. İllik 325.000 funt-sterlinq qazanan referi 2018-ci ilin oktyabrında qəfil işdən çıxarıldı. O, Səudiyyə Ərəbistanındakı hakimlik standartını da açıq şəkildə tənqid edib: 

"Bu, onlardan biridir - mənim həddən artıq çox işim var idi. Onlar gələndə böyük bir fitness problemi yaşayırdılar və yaxşı məşq etməmişdilər. Görüşlərimdə məyus oldum, çünki əsas standartları və oyun qaydalarını başa düşməkdə uğursuz oldular”.

Səudiyyə Ərəbistanından ayrıldıqdan sonra Çində də fəaliyyətini davam etdirmiş Klattenburq hazırda Yunanıstan futbolunda hakim məsləhətçisi kimi çalışır.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->