"Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman şəhər idarəçiliyinin yaxşılaşdırılmasına xidmət edən mühüm addımdır".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, belə bir qərara uzun müddətdir ehtiyac duyulurdu:
"Bu fərman Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi və idarəetmənin daha səmərəli təşkili istiqamətində atılmış addımdır. Doğrudan da buna ciddi ehtiyac var idi".
Natiq Cəfərli fərmanı daha geniş institusional islahatların tərkib hissəsi kimi qiymətləndirib:
"Çox güman ki, bu fərman Bakı Şəhər İcra Hakimiyyətinə müəyyən səlahiyyətlərin verilməsi ilə yanaşı, onun məsuliyyətinin də artırılması deməkdir. Növbəti mərhələdə Bakı üzrə vahid şəhər bələdiyyəsinin yaradılması, onun nəzdində şəhər hökumətinin formalaşdırılması, səlahiyyət və məsuliyyət bölgüsünün daha dəqiq müəyyənləşdirilməsi gündəmə gələ bilər. Bu addımı həmin prosesə keçid mərhələsi kimi qiymətləndirmək olar".
İqtisadçı vurğulayıb ki, idarəetmənin təkmilləşdirilməsi və səlahiyyətlərin daha səmərəli şəkildə mərkəzləşdirilməsi baxımından fərman müsbət addımdır.
Qeyd edək ki, Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, qurumun strukturu yenidən formalaşdırılacaq və idarəetmə mexanizmləri təkmilləşdiriləcək.
Bahar Rüstəmli
Şərhlər