Dünya 18:55 17.01.2023

İran və Türkiyə yaxınlığı nə vəd edir? - Ekspert

"İran xarici işlər nazirinin Türkiyəli həmkarı ilə görüşündə ikitərəfli münasibətlər, Cənubi Qafqazdakı vəziyyətin müzakirə edildiyinə dair xəbərlər yayılıb. Hesab edirəm ki, görüşdə həmçinin Suriya-Türkiyə münasibətləri də müzakirə olunub”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Türkiyəyə səfərini şərh edərkən deyib. Ekspert bildirib ki, görüşdə Cənubi Qafqaz məsələsi də müzakirə edilib:

"Türkiyə və Suriyanın müxtəlif rəsmiləri artıq Moskvada görüşüblər, perspektivdə bu sayaq görüşlərin davam edəcəyi gözlənilir. Hətta prezidentlər səviyyəsində zirvə toplantısının keçiriləcəyi də istisna deyil. Ona görə düşünürəm ki, Əmir Abdullahian Mövlud Çavuşoğlu ilə görüşdə bu məsələyə də toxunublar. 



Bu yaxınlarda İran prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri gözlənilir. Böyük ehtimalla xarici işlər nazirləri arasında olan görüşdə İran prezidentinin səfərinə hazırlıq məsələləri də müzakirə olunub. Cənubi Qafqaz məsələsi də Türkiyənin həssaslıqla yanaşdığı məsələlərdəndir. Ankara Azərbaycan məsələsini özünə doğma bildiyindən, İranın regionla bağlı mövqeyini iki nazir müzakirə edib”. 

Həmsöhbətimizin fikrincə, istisna deyil ki, İranda cərəyan edən hadisələr də müzakirə predmeti olub: "Bu yaxınlarda Çavuşoğlunun ABŞ dövlət katibi Entoni Blikenlə görüşü olacaq. Bu əsasda ola bilər ki, Çavuşoğlu Abdullahianla görüşdə İranda baş verən olaylarla bağlı məlumat istəyib”. 

Qeyd edək ki, bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyəyə səfər edib. Burada o, Türkiyə XİN  başçısı Mövlud Çavuşoğlu ilə görüşüb. 

Rüfət Sultan