Dünya 12:16 17.04.2023

İranda hicab tələbini pozduğuna görə 150-dən çox müəssisə bağlanıb

İran polisi qadınların hicab taxmağı tələb edən geyim qaydalarına əməl etməməsi səbəbindən məmurlar tərəfindən 24 saat ərzində 150-dən çox müəssisənin bağlandığını elan edib. Polis avtomobil sahiblərinə də xəbərdarlıq edib ki, sərnişin tərəfindən bu cür qayda pozuntusuna yol verilərsə, maşınlarını itirmək riski var.

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

"Polis, əvvəlki geyim qaydaları ilə bağlı xəbərdarlıqlara məhəl qoymadıqları üşün 137 mağazanı, o cümlədən 18 restoranı və qəbul yerini bağlamalı olub”, deyə "Tasnim" xəbər agentliyi polis nümayəndəsi Səid Montazerolmahdidən sitat gətirib. 

"Son 24 saat ərzində polis qaydalara əməl edilməməsi ilə bağlı bir neçə yüz hal qeydə alıb və avtomobil sahibləri də SMS vasitəsilə  məlumatlandırılıb”, deyə Montazerolmahdi bildirib. 

Polis xəbərdarlıq edib ki, sərnişin geyim qaydalarını pozarsa, avtomobil sahiblərinə SMS göndəriləcək, qayda pozuntusunun təkrarlanması halında sahibi avtomobilini itirmək riski ilə üzləşəcək.

Polis rəisi Əhməd-Reza Radan keçən həftə xəbərdarlıq edib ki, hicab taxmayanlar müşahidə kameraları və üz tanıma texnologiyası kimi "ağıllı" avadanlıqlardan istifadə edilməklə müəyyən ediləcək. Aprelin 15-də İran hakimiyyəti hicab taxmamağa çağırışlara görə cinayət məsuliyyətinin tətbiq olunduğunu elan edib.

Qadınların ictimai yerlərdə hicab taxması tələbi 1979-cu il İslam İnqilabından qısa müddət sonra qanuniləşdirilib. 2022-ci ilin sentyabrında geyim qaydalarını pozduğuna görə saxlanılan 22 yaşlı Məhsa Əminin ölümü uzun sürən etirazlara, çoxsaylı həbslərə və edamlara səbəb olub.

Nizami Bağırov