Xəbər lenti

İyunda diqqət çəkən qeyri-adi hadisələr: BTS üzvünü təqib edən qadından Trampın
Dünya 18:42 30.06.2026

İyunda diqqət çəkən qeyri-adi hadisələr: BTS üzvünü təqib edən qadından Trampın "Naruto" paylaşımına qədər

İyun ayında dünyanın müxtəlif ölkələrində baş verən bir sıra qeyri-adi hadisələr beynəlxalq medianın diqqət mərkəzində olub. Cənubi Koreyada BTS qrupunun üzvünü təqib edən qadına həbs cəzası verilməsi, ABŞ-li milyarder Ceff Bezosun süni intellektlə bağlı açıqlamaları, İngiltərədə arıqlama dərmanlarının istehlak vərdişlərinə təsiri və ABŞ prezidenti Donald Trampın "Naruto" obrazında paylaşımına qarşı Yaponiyada başladılan imza kampaniyası bunlardan bəziləridir.

Qaynarinfo Anadolu Ajansı-na istinadən iyun ayında dünya gündəmini zəbt edən əsas hadisələrin xülasəsini təqdim edir.
 
BTS üzvünü təqib edən qadına həbs cəzası verildi

Cənubi Koreyada məşhur K-pop qrupu BTS-in üzvü Ceon Conquku (Jungkook) israrla təqib etməkdə və onun evinə qanunsuz daxil olmaqda təqsirləndirilən Braziliya vətəndaşı bir il müddətinə azadlıqdan məhrum edilib.

BBC-nin məlumatına görə, Seul Mərkəzi Rayon Məhkəməsi cəzanın icrasını iki il müddətinə şərti olaraq təxirə salıb.

Məhkəmə qadının müğənniyə qarşı "həddindən artıq obsessiv davranış" nümayiş etdirdiyi qənaətinə gəlib.

Ceff Bezos: Süni intellekt işsizliyə yox, işçi çatışmazlığına səbəb olacaq

"Amazon" və "Blue Origin" şirkətlərinin qurucusu Ceff Bezos hesab edir ki, süni intellekt iş yerlərini azaltmayacaq, əksinə, işçi qüvvəsinə tələbat yaradacaq.

Bezos bildirib ki, insanların ideyalarını həyata keçirməsinə mane olan əsas amil təsəvvür deyil, mövcud imkanların məhdudluğudur. Onun sözlərinə görə, süni intellekt yeni ideyaların daha sürətlə reallaşmasına şərait yaradacaq.

Arıqlama dərmanları market xərclərini azaltdı

İngiltərədə aparılan araşdırma göstərib ki, GLP-1 qrupuna aid "Mounjaro" və "Wegovy" kimi arıqlama preparatlarından istifadə edən ailələr bir il ərzində ərzaq alış-verişinə ümumilikdə gözləniləndən 780 milyon funt sterlinq az vəsait xərcləyiblər.

The Guardian qəzetinin yazdığına görə, 11 min 600-dən çox ailənin iştirak etdiyi tədqiqat bu dərmanların insanların qida istehlakına da ciddi təsir göstərdiyini ortaya çıxarıb.

Yaponiyada Trampın "Naruto" paylaşımına etiraz edildi

ABŞ prezidenti Donald Trampın özünü məşhur anime qəhrəmanı "Naruto" obrazında təqdim etdiyi paylaşım Yaponiyada narazılıqla qarşılanıb.

Buna etiraz olaraq "Change.org" platformasında "Yapon manqalarını qoruyun" adlı imza kampaniyası başladılıb və qısa müddətdə təxminən 20 min nəfər kampaniyaya qoşulub.

Kampaniyanın təşkilatçıları bildiriblər ki, bundan əvvəl də Ağ evin "Yu-Gi-Oh!" mövzulu paylaşımına etiraz olaraq oxşar təşəbbüs irəli sürülmüş və məsələ Yaponiya hökumətinin aidiyyəti qurumlarına çatdırılmışdı.

"Meta"nın süni intellekti "Instagram" hesablarının ələ keçirilməsi üçün istifadə olunub

BBC-nin məlumatına görə, "Meta" şirkətinin "Instagram"a inteqrasiya etdiyi süni intellekt əsaslı çatbot təhlükəsizlik boşluğundan istifadə edən kibercinayətkarlar tərəfindən hesabların ələ keçirilməsi məqsədilə sui-istifadəyə məruz qalıb.

Məlumata görə, çatbot vasitəsilə hesabın yeni elektron poçt ünvanı ilə əlaqələndirilməsi və təsdiq kodunun əldə olunması mümkün olub. Daha sonra həmin koddan istifadə edilərək hesabların şifrələri dəyişdirilib.

Hakerlər təhlükəsizlik sistemlərini keçmək üçün VPN xidmətlərindən də istifadə ediblər. Hücuma məruz qalan hesablar arasında ABŞ-nin keçmiş Prezidenti Barak Obamanın prezidentliyi dövründə istifadə olunan Ağ evin rəsmi "Instagram" hesabı da olub.

"Meta" şirkəti təhlükəsizlik boşluğunun aradan qaldırıldığını, zərərçəkmiş hesabların bərpası istiqamətində iş aparıldığını açıqlayıb. Şirkət eyni zamanda dünya liderlərinin hesablarının bu üsulla ələ keçirildiyi barədə yayılan iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
 
Günay
--> -->