"Qarabağ"ın kolumbiyalı hücumçusu Kamilo Duran "Seltik"ə transferini rəsmiləşdirmək üçün tibbi müayinədən keçməyə hazırlaşır.
Qaynarinfo-nun BBC-yə
istinadən xəbərinə görə, bu barədə Şotlandiya klubunun baş məşqçisi Martin O'Nill məlumat verib.
BBC yazır ki, 24 yaşlı kolumbiyalı futbolçu açıqlanmayan məbləğ qarşılığında "Seltik"ə transfer olunacaq. O, ötən ilin yayında Portuqaliyanın "Portimonense" klubundan "Qarabağ"a keçib və Azərbaycan Premyer Liqasının gümüş mükafatçısının heyətində bir mövsümdən az çıxış edib. Duran UEFA Çempionlar Liqasında keçirdiyi 10 oyunda vurduğu 5 qolla diqqət mərkəzinə düşüb.
"Seltik"in mövsümöncəsi hazırlıq çərçivəsində İrlandiyanın "Şelburn" klubuna qarşı keçirəcəyi ilk yoldaşlıq oyunundan əvvəl Martin O'Nill klub televiziyasına açıqlama verərək Duranın transferindən danışıb: "Biz gənc Duranı transfer edirik. Hazırda o, tibbi müayinədən keçir. Əgər bu axşam baş tutmasa, sabah səhər müayinədən keçəcək".
Kamilo Duran peşəkar karyerasına Portuqaliyanın aşağı liqa təmsilçisi "Luzitaniya"da başlayıb. Daha sonra "Eştrela Amadora"ya keçən futbolçu yenidən əvvəlki klubuna qayıdaraq komandanın Liqa 3-ə yüksəlməsinə kömək edib. Bundan sonra o, Portuqaliyanın II Liqasında çıxış edən "Portimonense"yə transfer olunub. Duran ötən mövsüm "Qarabağ"ın heyətində bütün turnirlərdə 48 oyuna çıxıb, 15 qol vurub və 10 məhsuldar ötürmə müəllifi olub.
Şotlandiyanın "The Herald" nəşrinin məlumatına görə, "Seltik" kolumbiyalı futbolçunun keçidi üçün "Qarabağ"a 5,5 milyon funt-sterlinq (6,4 milyon avro - 12,5 milyon manat) ödəyəcək. Bununla da Kamilo Duran Azərbaycan futbolu tarixində satılan ən bahalı oyunçu olacaq.
Aydın
Şərhlər