Külli miqdarda rüşvət almaqda və dələduzluqda ittiham olunan Gəncə Dəmir Yolu Xəstəxanasının sabiq baş həkimi Vidadi Seyidovun məhkəmə araşdırması başa çatıb.
"Qafqazinfo”nun məlumatına görə, eks-baş həkimə verilmiş ittihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapıb.
V.Seyidov baş həkim vəzifəsində işləyən müddətdə ona yaranan inam və etibardan sui-istifadə edib. Öz qulluq mövqeyindən istifadə edərək bir neçə şəxsə pensiya müavinəti düzəldəcəyi, xəstəxanada işlə təmin edəcəyi ilə bağlı yalan vədlər edib. Bundan əlavə, bir neçə nəfərdən rüşvət alıb. O, zərərçəkmişlərdən birindən pulu oğlunun təhsilhaqqını ödəmək, digərindən isə dərman biznesi qurmaq adı ilə götürüb.
Baş həkimin əməlindən 9 nəfər zərər çəkib. Onlara dəymiş ziyan isə 250 min manat civarındadır.
Təqsirləndirilən şəxs ona elan olunan ittihamlarla özünü qismən təqsirli bilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Seyidov 8 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Şərhlər