"Bu qanun ilk növbədə valideyn məsuliyyətini artırır".
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə uşaqların sosial şəbəkələrdən istifadəsinə müəyyən məhdudiyyətlərin tətbiqi ilə bağlı qərarı şərh edərkən deyib.
Sədr bildirib ki, 16-18 yaşlı yeniyetmələrin sosial şəbəkələrdən istifadəsi valideynlərin razılığı və nəzarəti ilə həyata keçirilməlidir:
"Valideynlər övladlarına nəzarət etməlidirlər ki, bu cür halların qarşısı alınsın. Uşaqlar zərərli məzmunlardan uzaq tutulmalıdır. Əgər valideynlər qanunun tələblərinə əməl etməsələr, inzibati məsuliyyət yarana bilər.Nəticədə bundan ən çox zərər çəkən yenə ailə olacaq".
Kəmalə Ağazadə hesab edir ki, qanunun tətbiqi ilə yanaşı, ailələrin maarifləndirilməsi də vacibdir:
"Bu istiqamətdə ciddi maarifləndirməyə ehtiyac var. 16-18 yaşlı uşaqların internetdən istifadə etməsi bu gün artıq zərurətdir. Çünki tədris materiallarının, dərsliklərin və digər məlumatların böyük hissəsi internet üzərindən əldə olunur. Lakin bu istifadəyə mütləq nəzarət edilməlidir ki, uşaq vaxtını dərsə və bilik əldə etməyə sərf etsin, sosial şəbəkələrdə yaşına uyğun olmayan məzmunlara baxmasın, zərərli müzakirələrə qoşulmasın və ya canlı yayımlarda yanlış davranışlar nümayiş etdirməsin".
Sədrin sözlərinə görə, nəzarətin olmaması uşaqları müxtəlif təhlükələrlə üz-üzə qoya bilər:
"Onlar zərərli oyunların təsiri altına düşə, müxtəlif cinayətkar qrupların hədəfinə çevrilə, şantaja məruz qala və ya borc asılılığına sürüklənə bilərlər. Şəxsi foto və videoları da şantaj vasitəsi kimi istifadə oluna bilər. Buna görə də valideyn nəzarəti mütləq olmalıdır. Bu qanun ilk növbədə valideynlərin məsuliyyətini artırır. Valideyn anlamalıdır ki, bu istiqamətdə nəzarət və hüquqi tələblər daha da gücləndiriləcək".
Bahar Rüstəmli
Şərhlər