Xəbər lenti

“Kəpəz”in icraçı direktoru baş məşqçi ilə futbolçular arasındakı problemlərdən danışdı
İdman 14:37 17.12.2022

“Kəpəz”in icraçı direktoru baş məşqçi ilə futbolçular arasındakı problemlərdən danışdı

Son günlər "Kəpəz” ətrafında xoşagəlməz söz-söhbətlər səngimək bilmir. Baş məşqçi Tərlan Əhmədovun təcrübəli futbolçularla aralarındakı münasibət həm də klubun imicinə zərbə vurur. Təbii ki, bu problemləri yoluna qoyacaq şəxslər isə klub rəsmiləri olmalıdır. Bəs onların fikri necədir? Problemləri yoluna qoymaq üçün hansı tədbirlər görürlər?

"Kəpəz”in icraçı-direktoru İlqar Nadiri Qaynarinfo-ya açıqlamasında bu məsələlərə aydınlıq gətirilməsi üçün tədbirlər görüldüyünü deyib:

"Bununla bağlı açıqlama vermək istəməzdim. Məşqçi ilə futbolçular arasında kiçik, xoşagəlməz bir münaqişə olub. Bunun mətbuata çıxması bizim üçün də xoş hal deyil. Ona görə də mən tərəfdən açıqlama verilməsi düzgün olmaz. Digər tərəfdən çalışırıq ki, bu kimi hallar baş verməsin. İstənilən futbolçu və məşqçi arasında hər hansı narazılıq, anlaşmazlıq olmasın. Çalışırıq ki, məsələni tezliklə, yaxşı sonluqla yekunlaşdıraq”.

Nadiri Əhmədovla prinsipə düşən futbolçuların klubda qalıb-qalmayacağı ilə bağlı danışıqlar aparıldığını deyir:

"O futbolçularla danışıqlar gedir. Klubun idman direktoru Mehman Allahverdiyev futbolçularla bu səpgidə danışıqlar aparır. Yəqin ki, növbəti dövrəyə qədər hər şey məlum olacaq. İdman direktoru məsələ ilə bağlı tapşırıq alıb. Baş məşqçi komandanı yeniləmək istəyir. Bu da başadüşüləndir. Müəyyən futbolçularla danışıqlar aparılır”.

Klub rəsmisi gələcək planlarla bağlı suala cavab verərkən, hər gün baş məşqçi ilə müzakirələr apardıqlarını bildirir:

"Gələcək planlar barədə demək olar, hər gün baş məşqçi ilə müzakirələr aparırıq. Çalışırıq ki, optimal vəziyyətdə ən yaxşısını edək. Desək ki, komandada qış fasiləsində çox dəyişiklik olacaq, bu, baş verməyə bilər. Yaxud az dəyişiklik olacağını desək, sonradan bunun əksini görə bilərik. Bu, zamanla olacaq.  Amma baş məşqçinin istədiyi mövqelərə çözüm yolu tapaq”.

O, "Kəpəz”in xüsusən də Əhmədovun gəlişindən sonrakı çıxışını belə dəyərləndirir:

"Kəpəz”in çıxışını necə dəyərləndirirəm? Tərlan müəllim gələndən sonra komanda iki qələbə qazanıb. Sonuncu qarşılaşmada "Sabah” kimi güclü rəqiblə heç-heçə oynadı. Komanda ümid verir. Daha aqressiv və istəkli oyun göstərdikləri görünür. Pis oyunlar da olub. Bəzi matçlarda komanda yaxşı çıxış etmədi. Ümumi olaraq komandamıza inanırıq”.

Nadiri baş məşqçinin qarşısına məqsəd qoyulduğunu da nəzərimizə çatdırıb:

"Baş məşqçinin qarşısına məqsəd qoyulub ki, komanda optimallaşsın. Növbəti mövsüm üçün daha iddialı olsun, kubokda, yaxud ölkə çempionatında yer tutmaq və Avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparsın”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->