XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Kinonun yeni kralı: Bir filmdən 100 milyon dollardan çox qazanacaq
Sənət15:23 19.08.2026

Kinonun yeni kralı: Bir filmdən 100 milyon dollardan çox qazanacaq

Hollivudun ən çox diqqət çəkən aktyorlarından biri olan Tom Hollandın yeni “Hörümçək adam” filmi ilə əldə edəcəyi qazanc diqqət çəkib. 30 yaşlı aktyorun “Hörümçək adam: Tamamilə yeni bir gün” filmindən 100 milyon dollardan çox gəlir əldə edəcəyi gözlənilir.

Qaynarinfo xəbər verir ki, Tom Holland uşaqlıqdan kino dünyasının diqqət mərkəzində olan və kiçik yaşlarından çəkiliş meydançalarında yer alan aktyorlardan biridir. Son illərdə həm ardıcıl rol aldığı layihələrlə, həm də şəxsi həyatındakı hadisələrlə gündəmdədir.

30 yaşlı aktyorun yalnız bu filmdən 100 milyon dollardan çox gəlir əldə etməsi gözlənilir. “Sony Pictures” və “Marvel Studios” ilə onun müqaviləsinin detalları barədə məlumatlı olduğu iddia edilən bir neçə mənbə Tom Hollandın filmdəki baş rolu üçün ən azı 20 milyon dollar əsas qonorar aldığını bildirib.

Qonorarını ikiqat artırıb

Bu məbləğ Hollandın seriyanın 2021-ci ildə ekranlara çıxan əvvəlki filmi “Hörümçək-adam: Evə dönüş yoxdur”dan aldığı 10 milyon dollarla müqayisədə əsas qonorarını ikiqat artırdığını göstərir.

Lakin müqavilə bununla məhdudlaşmır. Razılaşmanın detallarına əsasən, Tom Holland filmin kassa gəlirləri də daxil olmaqla bir sıra gəlir mənbələrindən əlavə ödəniş alacaq. Filmin kinoteatrlardakı nümayişi başa çatdıqdan sonra aktyorun ümumi qazancının 100 milyon dollara çatacağı, hətta bu məbləği keçə biləcəyi bildirilir.

Əsas gəlir kassadan olacaq

Bu böyük qazancın ən mühüm hissəsini Tom Hollandın filmin kassa gəlirlərindən əldə edəcəyi pay təşkil edəcək. Hollivudun tanınmış aktyorları son illərdə film müqavilələri bağlayarkən kassa gəlirlərindən də pay almağa başlayıblar. Bu praktika xüsusilə “Hörümçək-adam” kimi iri büdcəli superqəhrəman filmlərində geniş yayılıb.

“Hörümçək adam: Tamamilə yeni bir gün” gözləniləndən də böyük uğur qazanaraq nümayişə çıxdığı ilk həftədə dünya üzrə 1 milyard dollar gəlir əldə edib. “Deadline”ın məlumatına görə, Hollandın hörümçək toru atan superqəhrəman obrazında göründüyü dördüncü film dünya üzrə rəsmi olaraq 2 milyard dollar həddini keçib və bu nəticəyə ən sürətli çatan ikinci film olub.

Qazancın yuxarı həddi yoxdur

Hollivud mənbələrindən yayılan məlumatlara görə, Hollandın müqaviləsində kassa və digər gəlirlərdən əldə edəcəyi əlavə bonus üçün yuxarı hədd müəyyən edilməyib. Başqa sözlə, bütün gəlirlər hesablandıqdan sonra aktyorun əldə edəcəyi yekun məbləğin konkret limiti yoxdur.

Hazırda Hollivudda Hollandın bu filmdən hələlik 100 milyon dollar qazanacağı barədə danışılır.

Zendaya ilə birlikdə baş rolda

Rejissoru Destin Daniel Kretton olan film iyulun 31-də kinoteatrlarda nümayişə çıxıb və hazırda üçüncü həftəsindədir. Tom Holland filmdə qısa müddət əvvəl gizli şəkildə evləndiyi Zendaya ilə birlikdə baş rolu canlandırır. Məşhur cütlük filmin tanıtım turunda da birlikdə iştirak edib.

Aydın