Dünya 13:30 04.01.2024

KİV: İsrail müttəfiqlərinə İrandakı partlayışlarda iştirak etmədiyinə dair zəmanət verib

İsrail hakimiyyəti müttəfiqlərini əmin edib ki, ölkənin İranın Kirman şəhərində baş verən partlayışlarda əli yoxdur. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən yazıb.

Mənbənin məlumatına görə, İsrail tərəfi bildirib ki, bu cür partlayışlar onlar tərəfindən həyata keçirilən hücumların nümunəsinə bənzəmir. Nəşr qeyd edir ki, İsrail adətən İran təhlükəsizlik qüvvələri ilə əlaqəli şəxsləri və ya infrastrukturu hədəf alır.

Qeyd edək ki, yanvarın 3-də axşam İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Qasım Süleymaninin xatirəsinə yas mərasimləri zamanı iki partlayış baş verib. Nəticədə 103 nəfər ölüb. Onların arasında polis əməkdaşları və Qızıl Aypara  Cəmiyyətinin işçiləri də var. 200-ə yaxın insan xəsarət alıb. 

Generalın dəfn olunduğu Kirman əyalətinin səlahiyyətliləri hadisəni terror aktı adlandırıb. İran Daxili İşlər Nazirliyi bunun "xalqa qarşı kor-koranə cinayət" olduğunu və qəti cavab veriləcəyini bildirib. 

2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ-ın Bağdad Beynəlxalq Hava Limanı ərazisində həyata keçirdiyi əməliyyat nəticəsində SEPAH-ın xüsusi təyinatlı qüvvələrinin generalı və komandanı Qasım Süleymani məhv edilib.

Aydın