Xəbər lenti

KİV: Rusiya yanacaq çatışmazlığı fonunda Hindistandan benzin almağa başlayıb
Dünya 18:00 01.07.2026

KİV: Rusiya yanacaq çatışmazlığı fonunda Hindistandan benzin almağa başlayıb

Rusiya yanacaq qıtlığını aradan qaldırmaq məqsədilə Hindistandan dəniz yolu ilə benzin idxalına başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyi neft sənayesindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Moskva bu addımı Ukraynanın pilotsuz uçuş aparatlarının Rusiyanın enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində yaranan yanacaq çatışmazlığını azaltmaq üçün atır.

"Reuters"in həmsöhbətlərindən biri bildirib ki, Hindistandan Rusiyaya artıq azı 60 min ton benzin yola salınıb. Digər mənbənin sözlərinə görə, hər biri 30-40 min ton yanacaq daşıyan iki tanker göndərilib.

Üçüncü mənbə isə Rusiyanın müxtəlif ölkələrdən, o cümlədən Belarusdan hər ay ümumilikdə 400 min ton benzin idxal etməyi planlaşdırdığını deyib. Bildirilir ki, Belarus artıq Rusiyaya yanacaq tədarükünü artırıb. Belə ki, iyunun ilk yarısında dəmir yolu ilə göndərilən benzinin həcmi mayın ilk yarısı ilə müqayisədə üç dəfəyə yaxın artaraq 70 min tonu ötüb.

Qeyd olunur ki, yay mövsümündə Rusiyada benzinə gündəlik tələbat ən azı 110 min ton təşkil edir.

Hələlik Hindistanda fəaliyyət göstərən hansı neft emalı şirkətinin Rusiyaya benzin tədarük edəcəyi açıqlanmayıb.

İyunun 28-də Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirdiyi müşavirədə Ukraynanın pilotsuz uçuş aparatlarının neft emalı zavodlarına endirdiyi zərbələrin ölkənin bəzi regionlarında yanacaq çatışmazlığına səbəb olduğunu etiraf edib.

Bundan başqa, Rusiya parlamenti yanacaq qıtlığının aradan qaldırılması məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər qəbul edib və idxal olunan yanacağın dəyərinə, o cümlədən Hindistandan tədarük edilən məhsulların qiymətlərinə əsaslanan subsidiya mexanizmini təsdiqləyib.

Analitik şirkətlər LSEG və Kpler-in məlumatına görə, iyun ayında Rusiyadan Hindistana xam neft idxalı da kəskin artıb. İlkin hesablamalara əsasən, Hindistan iyun ərzində gündə təxminən 2,7 milyon barel Rusiya nefti idxal edib ki, bu da ölkənin ümumi neft idxalının yarıdan çoxunu təşkil edib.

Bu arada, Rusiyada yanacaq böhranının dərinləşdiyi bildirilir. Məlumata görə, iyunun sonuna olan vəziyyətə əsasən, ölkənin 85 regionundan 78-də yanacaq çatışmazlığı qeydə alınıb. Bir sıra bölgələrdə yanacağın satışına məhdudiyyətlər tətbiq edilib, bəzi yanacaqdoldurma məntəqələri isə benzinin satışını tam dayandırıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə sürücülərin yanacaq almaq üçün saatlarla növbədə gözlədiyi əks olunub.
 
Günay
--> -->