Xəbər lenti

Dünya 21:00 05.04.2024

Kreml təşviş içində - NATO Rusiya sərhədlərinə yaxınlaşır (ŞƏRH)

"NATO rəhbəri tərəfindən səslənən bu fikir siyasi gedişdir. Stoltenberq Rusiya ilə münasibətləri daha da gərginləşdirmək istəmir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Rüstəm Tağızadə NATO baş katibi Yens Stoltenberqin Alyansın Ukrayna münaqişəsinin bir tərəfinə çevrilmək niyyətinin olmadığı barədə fikirlərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Stoltenberqin nə deməsindən asılı olmayaraq, Ukraynaya NATO-nun hərbi yardımları davam edəcək:

"Bu, birmənalıdır. Stoltenberq rəsmi şəxs olduğu üçün Rusiya ilə münasibətləri daha da gərginləşdirmək istəmir. Ona görə də bu kimi diplomatik manevrlə NATO-nun maraqlarını qoruyur. Bu mənada onun NATO-nun münaqişənin bir tərəfinə çevrilmək niyyətinin olmadığı barədə verdiyi açıqlaması da məhz qurumun maraqlarının qorunması üçün səslənmiş fikirdir. Hazırda Ukrayna cəbhəsində vəziyyət Kiyev üçün o qədər də qənaətbəxş deyil. Bu mənada mövcud durum Qərbin də maraqlarına ziddir. ABŞ-ın Ukraynaya yardımı da hələ ki, sual altındadır. Ukraynaya edilən yardımlar da ara-sıra və qırıq-qırıq göndərilir. Bu müharibə 2024-cü ilin sonuna kimi davam edəcək. Kiyevin Rusiya ərazisinə hücumları da davam edir. Ukrayna bununla Rusiyanın neft və maşınqayırma sənayesinə böyük zərbələr vurur. Belə durumda NATO-nun birinci şəxsi tərəfindən səslənən bu kimi açıqlamalar sadəcə olaraq, siyasi gedişdir".
 


Ekspert onu da vurğulayıb ki, bu bəyanat son günlər NATO-ya münasibətdə də aqresivləşən Rusiyanı sakitləşdirmək məqsədi daşıyır:

"Rusiya-Ukrayna münaqişəsinin təzahürləri hazırda Yaxın Şərqdə də davam edir. NATO Rusiya sərhədlərinə daha da yaxınlaşır. Bu da ondan xəbər verir ki, NATO Rusiya ilə mübarizədə geri çəkilmək niyyətində deyil". 

Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq Alyans ölkələrinin xarici işlər nazirlərinin Brüssel görüşündən sonra keçirilən mətbuat konfransında təşkilatın Ukraynaya qoşun göndərmək və münaqişənin bir tərəfinə çevrilmək niyyətində olmadığını bəyan edib: "NATO münaqişənin tərəfi deyil və olmayacaq. Alyans Ukraynaya özünümüdafiə üçün dəstək verir. Bizim Ukraynaya qoşun göndərmək planımız yoxdur, belə bir müraciət olmayıb".

Amma bununla yanaşı, Litvanın XİN rəhbəri Qabrielius Landsberqis NATO-nun ən böyük döyüşlərinin hələ qarşıda olduğunu barədə xəbərdarlıq edib: "Təəssüf ki, NATO-nun ən böyük döyüşləri hələ gələcəkdə baş verə bilər. Biz buna hazır olmalıyıq, çünki bu döyüşlər başlasa və biz hazır olmasaq, bizim ən böyük səhvimiz olacaq". 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->