Siyasət 13:30 19.01.2023

Laçın yolunda keçirilən aksiya nə zaman bitəcək? - Politoloq

"Bakı və Qarabağın erməni icması arasında Andrey Volkovun vasitəçiliyilə aparılan danışıqlar müsbət nəticə verərsə, Laçın yolunda keçirilən aksiya dayandırılacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Rusiya XİN rəhbəri Sergey Lavrovla Azərbaycan XİN başçısı Ceyhun Bayramov arasındakı telefon danışığından sonra birincinin verdiyi açıqlamalara əsasən, yaxın günlərdə Laçın yolunda keçirilən aksiyanın dayandırılacağı ilə bağlı səslənən bəzi fikirlərə münasibət bildirərkən deyib.
 
Politoloq bildirib ki, ermənilər Azərbaycanın bölgə üzərində suverenliyini tanısa və danışıqlara getsələr, dəhliz açıla bilər:


 
"Lavrov bildirib ki, Bakı ilə Qarabağda yaşayan erməni icması arasında danışıqlar gedir. Bu danışıqlar da sülhməramlı qüvvələrin rəhbəri, general Volkovun vasitəçiliyilə aparılır. Onun dediyindən belə çıxdı ki, həmin danışıqlarda da müəyyən irəliləyişlər gözə çarpır. Bu belədirsə, dəhliz açıla bilər. Bundan sonra yolun mühafizəsində isə sülhməramlılarla yanaşı, Azərbaycan hakimiyyətinin nümayəndələri də iştirak edə bilər. 

Həmin danışıqlar doğrudan da müsbət nəticə verərsə, Laçın yolunda keçirilən aksiya da sözsüz ki, dayandırılacaq. Ermənilər Azərbaycanın bölgə üzərində suverenliyini tanısa və danışıqlara getsələr, dəhliz açıla bilər. Bunun əksi baş versə, yolun açılması fonunda danışıqlardan imtina edirlərsə, aksiya yenidən, daha böyük vüsətlə davam edəcək”. 
 
Rüfət Sultan