Dünya 22:21 27.03.2023

Macarıstan XİN: ABŞ bizə düşmən kimi yanaşır

ABŞ hakimiyyəti Macarıstana münasibətdə özlərini "dost olmayan müttəfiq” kimi göstərir və Budapeşt milli maraqları müdafiə etdiyi üçün ona düşmən kimi yanaşır. 

Qaynarinfo Hollandiyanın NPO telekanalına https://www.youtube.com/watch?v=uqIVg0rjJ6I istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyyarto bildirib.

"ABŞ-ın hazırkı hökuməti, deyək ki, bizə qarşı dost müttəfiq deyil. Bizə düşmən kimi baxırlar. Biz ABŞ-ı düşmən hesab etmirik, çünki ABŞ Macarıstanın dostudur. Biz müttəfiqik. Lakin hazırkı hökumət bizi düşmən kimi görür”, - deyə Siyyarto bildirib.

Onun sözlərinə görə, ABŞ-ın bu mövqeyi onunla bağlıdır ki, Macarıstanda "milli maraqları çox güclü şəkildə təmsil edən, xaricdən gələn mühakimə və göstərişləri qəbul etməyən mühafizəkar, vətənpərvər, sağçı hökumət hazırkı Bayden administrasiyanın xoşuna gəlmir”.

Macarıstan və Rusiya arasındakı münasibətlərə dair sualı cavablandıran Siyyarto qeyd edib ki, Budapeşt "Rusiya ilə əlaqələri gücləndirmir”, lakin Moskva ilə əsasən enerji sektorunda "dialoqu və rasional əməkdaşlığı davam etdirir”.

Macarıstan Ukraynaya silah verməkdən imtina edən və anti-Rusiya sanksiyalarının yumşaldılmasını dəfələrlə müdafiə edən azsaylı Aİ ölkələrindən biridir. Baş nazir Viktor Orban və Peter Siyyartonun bəyanatları Kiyev və Vaşinqtonda dəfələrlə tənqidlərə səbəb olub.

Alpər