Mariya Kürinin 120 ildən çox əvvəl yazdığı laboratoriya dəftərləri bu gün də radioaktiv olaraq qalır. Onlar Fransanın Milli Kitabxanasında xüsusi qurğuşun konteynerlərində saxlanılır.
Qaynarinfo "Spacedaily" nəşrinə istinadən xəbər verir ki, bunun səbəbi alimin XIX əsrin sonu – XX əsrin əvvəllərində əri Pyer Küri ilə apardığı təcrübələrdir. Cütlük radioaktiv maddələrlə illərlə işləyib və həmin dövrdə bunun sağlamlıq üçün yaratdığı riskləri tam təsəvvür etməyib.
1898-ci ildə Mariya Küri Anri Bekkerelin kəşf etdiyi radioaktivlik hadisəsini tədqiq etməyə başlayıb. Alim Bohemiyadan gətirilən uran filizinin tərkibindəki uranın miqdarı ilə izah edilə bilməyəcək dərəcədə yüksək radioaktivliyə malik olduğunu müəyyən edib.
Küri süxurun tərkibində elmə məlum olmayan elementin mövcud olduğunu ehtimal edib. O, Pyer Küri ilə birlikdə həmin elementi Parisdə Lomond küçəsindəki məktəbin yaxınlığında yerləşən kiçik bir tövlədə filizdən ayırmağa başlayıb.
Şərait olduqca ağır idi. Məkanın normal havalandırması yox idi, yayda içərisi çox isti olur, qışda isə temperatur sıfıra yaxınlaşırdı. Yağış zamanı şüşə damdan su axırdı.
Kiçik miqdarda yeni maddə əldə etmək üçün cütlük çox böyük həcmdə xammalı emal etməli idi. Müxtəlif hesablamalara görə, onlar bir neçə il ərzində təxminən 7 ton uran filizi emal ediblər.
Mariya Küri bütün gün ərzində böyük çuqun qabda qaynayan kütləni qarışdırdığını təsvir edib. Filiz dəfələrlə turşuda həll edilir, süzülür, çökdürülür və yenidən kristallaşdırılırdı. Beləliklə, lazımsız maddələr tədricən ayrılırdı.
1902-ci ildə alim təxminən 0,1 qram radium xlorid nümunəsi əldə edə bilib. Bu miqdar radiumun atom kütləsini müəyyənləşdirmək üçün kifayət edib.
Radiumun işıltısını müşahidə edirdilər
Laboratoriyanın ən qeyri-adi xüsusiyyətlərindən biri tərkibində konsentratlaşdırılmış radium birləşmələri olan qabların zəif mavi-yaşıl rəngdə işıq saçması idi.
Kürilər radioaktiv maddələrə davamlı məruz qalmağın nə qədər təhlükəli olduğunu bilmirdilər. Pyer Küri hətta həmkarlarına nümayiş etdirmək üçün radium nümunəsini cibində gəzdirirdi. Nəticədə onun dərisində əmələ gələn yanığın sağalması bir neçə ay çəkib.
Mariya da müasir qoruyucu vasitələr olmadan radioaktiv maddələrlə daim təmasda olub. O, nümunələrlə əlcək kimi müasir qoruyucu vasitələr olmadan işləyir, onları qutularda saxlayır və illərlə çirklənmiş məkanda fəaliyyət göstərirdi.
Radioaktiv toz laboratoriyanın səthlərinə, geyimlərə, kağızlara və dəftərlərin səhifələrinə çökürdü. Buna görə də Küri ailəsinə məxsus bəzi əşyalar bir əsrdən çox vaxt keçməsinə baxmayaraq hələ də radioaktivdir.
Dəftərlər niyə hələ də təhlükəlidir?
Əsas təhlükə alimlərin işlədiyi radium-226 ilə bağlıdır. Onun yarımparçalanma dövrü təxminən 1600 ildir. Buna görə də radioaktiv maddələrlə çirklənmiş əşyaların radioaktivliyi çox yavaş azalır.
Bu gün Küriyə məxsus dəftərlər Fransanın Milli Kitabxanasında qurğuşun konteynerlərində saxlanılır.
Dəftərlərin özündə isə hər şey tamamilə adi görünür: səliqəli əl yazısı, hesablamalar, tarixlər, cihaz göstəriciləri və kiçik təsvirlər. Bəzi dəftərlərdə 1906-cı ildə yol qəzasında həlak olan Pyer Kürinin qeydləri də qorunub saxlanılır.
Alimin irsi
Küri cütlüyünün kəşfləri alimlərin maddənin quruluşu haqqında təsəvvürlərini dəyişib və radioaktivliyin sonrakı tədqiqatları üçün əsas yaradıb. 1903-cü ildə Mariya və Pyer Küri Anri Bekkerellə birlikdə fizika üzrə Nobel mükafatına layiq görülüblər.
1911-ci ildə Mariya Küri bu dəfə kimya üzrə ikinci Nobel mükafatını – radium və poloniumun tədqiqinə görə alıb. O, iki müxtəlif elm sahəsində Nobel mükafatı alan ilk və hələ də yeganə şəxs olaraq qalır.
Mariya Küri 1934-cü ildə aplastik anemiyadan vəfat edib. Onun ölümü uzunmüddətli radiasiya məruz qalması ilə əlaqələndirilir.
Aydın
Şərhlər