Ekonomiks 14:20 06.08.2022

Meriya ilə MTK arasında məhkəmə çəkişməsi: Ramiz Mehdiyevlə Zakir Qaralovun adı hallanan tikinti qalmaqalı

"FF-2011” Mənzil Tikinti Kooperativi (MTK) Bakı Şəhər İcra Hakimiyyətini və Dövlət Şəhərsalma və Arxitektura Komitəsini məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, iddia Bakı İnzibati Məhkəməsinin hakimi Salam Salahovanın icraatındadır. 16 sentyabr 2022-ci il tarixinə iş üzrə hazırlıq iclası təyin edilib.

İşin mahiyyəti isə inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir. 

"FF-2011” MTK 2 iyun 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 AZN olan MTK-nın qanuni təmsilçisi İbrahimov Fərhad Səfər oğlu, təsisçisi Tamella İbrahimovadır. Sonuncu Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmədə "FF-2011” MTK-nın təsisçisi kimi şahid qismində ifadə verib. 

"FF-2011” MTK bir il əvvəl Dilarə Əliyeva 141 ünvanında apardığı tikinti ilə gündəmə gəlib. Həmin ünvanda yaşayan sakinlərin sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti  31 may 2018-ci il tarixində "FF-2011” MTK-ya sözügedən ərazidə ticarət mərkəzi, ofis və yaşayış obyektləri tikmək üçün sərəncam verib. 

"Tikinti işlərinə başlamazdan əvvəl MTK bizim köçürülməyimizi təmin etməli idi. Kooperativ rəhbərləri bizimlə görüşdülər və məsələni "sülh yolu ilə” həll edəcəklərinə söz verdilər. Bəzilərinə layiqli təzminat vəd edildi. Digərlərinə evimizin yerində tikiləcək yeni bir binada mənzil veriləcəyi deyildi. Ancaq hamısı yalan oldu”, deyə sakinlər bildirib.

Bəzi məlumatlara görə, "FF-2011” MTK-nın Bakı Şəhər İcra Hakimiyyətini və Dövlət Şəhərsalma və Arxitektura Komitəsini məhkəməyə verməsi də bu işlə əlaqədardır. Məlumatda bildirilir ki, Rasim Quliyevin həbsindən sonra ərazidə tikinti dayandırılıb. 

Tamella İbrahimova da məhkəmədə bu barədə danışıb: "O vaxt Hacıbala Abutalıbovun qəbulunda oldum, ondan soruşdum ki, Rasim Quliyev kimdir? Sual verdi ki, nə olub? Bildirdim ki, Anar Quliyev deyir  sənin sənədlərinə Rasim Quliyev qol çəkdiyinə görə, işin alınmayıb. Hacıbala Abutalıbov bunun mümkün olmadığını bildirdi. O məni arxayın etdi ki problem tezliklə həll olunacaq. Hacıbala Abutalıbov mənim yanımda Ramiz Mehdiyevə, Kəmaləddin Heydərova, Əbülfəz Qarayevə zəng etdi. Ramiz Mehdiyevə dedi ki, "arxitektura" Rasim Quliyevin imzasını tanımadığını bildirib. Ramiz Mehdiyev də dedi ki, ola bilməz, biz onun imzaladığı sənədləri qəbul edirik. Daha sonra Baş prokuror Zakir Qaralov bizə məktub göndərdi ki, bina qanunsuz tikilir. Biz də işi saxladıq”.

Seyid