Dünya 13:33 31.07.2022

Məşhur iş adamı və xanımı raket zərbəsi zamanı həlak oldu

Ukrayna Qəhrəmanı, ən böyük taxıl ticarəti şirkəti "Nibulon”un sahibi Aleksiy Vadaturski iyulun 31-nə keçən gecə Nikolayev şəhərinin atəşə tutulması zamanı həlak olub. Rusiya ordusunun atdığı raket mərmisi onun evinə düşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Nikolayev Regional Hərbi Administrasiyasının rəhbəri Vitali Kim öz "Telegram" səhifəsində məlumat yayıb.

"Gecə şəhərin atəşə tutulması nəticəsində Ukrayna Qəhrəmanı, "Nibulon" şirkətinin baş direktoru Aleksey Afanasyeviç Vadaturski və onun həyat yoldaşı Raisa Mixaylovna Vadaturskaya faciəli şəkildə həlak oldu. Aleksey Afanasyeviç Nikolayev vilayəti, Ukrayna  üçün çox şey edib. Onun kənd təsərrüfatı və gəmiqayırma sənayesinin inkişafına, regionun inkişafına verdiyi töhfə əvəzsizdir”, deyə Vitali Kim yazıb.

Qeyd edək ki, Nikolayev Regional Hərbi Administrasiyasının rəhbəri Vitali Kim iyulun 31-nə keçən gecə saat 01:00-dan sonra və səhər saat 05:00 radələrində Nikolayevin kütləvi atəşə tutulduğunu bildirib. İlkin məlumata görə, bir nəfər ölüb, iki nəfər yaralanıb.

Atəş nəticəsində bir sıra infrastruktur obyektlərinə ziyan dəyib. Xüsusilə, otel, idman kompleksi, iki təhsil müəssisəsi və texniki xidmət stansiyası, yaşayış binaları ziyan çəkib. 

Ukrayna Qəhrəmanı, "Nibulon” kənd təsərrüfatı müəssisəsinin baş direktoru Aleksey Vadaturski 2005-ci ilin fevralından Ukrayna Taxıl Assosiasiyasının vitse-prezidenti idi.

2021-ci ildə "Forbes” iş adamının sərvətini 430 milyon ABŞ dolları qiymətləndirib, Vadaturski Ukraynanın 100 ən zəngin adamının siyahısında 24-cü yeri tutub.

Aydın