Xəbər lenti

İdman 16:14 19.04.2024

Məsul nümayəndə: "Turan Tovuz" - "Sumqayıt" matçı nəzarətimiz altındadır”

Bu gün baş tutacaq "Turan Tovuz” - "Sumqayıt” qarşılaşması ətrafında bir neçə gündür ki, xoşagəlməz söz-söhbətlər səngimək bilmir.
 
Təbii ki, ortada danışılmış oyunla bağlı hər hansı faktlar olmadığından bunlar ancaq "söz-söhbət” qismində qəbul edilir. Amma AFFA-nın danışılmış oyunlarla bağlı xüsusi komissiyaları da var ki, bütün oyunlara nəzarət edir və bu barədə hər hansı məlumatlar olarsa, araşdırılır, qərar çıxarılır. 

Bəs "Turan Tovuz” - "Sumqayıt” matçı ilə bağlı AFFA-ya hər hansı məlumat çatıbmı? UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli Qaynarinfo-ya açıqlamasında sualı belə cavablandırıb:

"Gəlin bunlara fərziyyə kimi yanaşaq. Biz ancaq real məlumatlar əsasında fikir bildirə bilərik. Mətbuatda yazılanlar bəzən doğru, bəzən də fərziyyə olur. Oyun baş tutsun, sonra nəsə deyə bilərik”.

"AFFA-ya hər hansı məlumat çatıbmı” sualına Səlimli belə cavab verdi:

"Bu da ola bilər. Nəsə məlumat olsa ictimaiyyətə açıqlayacağıq”.

Səlimli AFFA-nın bu matça xüsusi komissiya göndərib-göndərməyəcəyi haqda sualı isə bu şəkildə cavablandırdı:

"Komissiya lazım olan yerə işçilər göndəririk. Ancaq hansısa konkret oyun haqda mən heç nə deyə bilmərəm. Hər söz-söhbətə görə, harasa getmirik. Onsuz da biz hər bir matçı nəzarət altında saxlayırıq. Həmçinin "Turan Tovuz” - "Sumqayıt” matçı da nəzarətimiz altındadır. Lazım olsa, bu oyuna da qrup göndəriləcək”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->