Abşeronda vətəndaşa Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) xətti ilə mənzil almaqda köməklik göstərəcəyini vəd edərək 8 min manat pul alan şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qaynarinfo xəbər verir ki, ittihama əsasən, təqsirləndirilən şəxs tanışı olan zərərçəkmiş şəxsə atasının MİDA-da briqadir işlədiyini, gördükləri işə görə mənzillərin ayrıldığını və həmin mənzillərin sərbəst satıldığını bildirib. O, zərərçəkmiş şəxsə həmin mənzillərdən birini almağa köməklik göstərə biləcəyini vəd edib.
Məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs bu vədlə zərərçəkmiş şəxsdən 2024-cü ilin fevral ayının ortalarında Abşeron rayonunun Xırdalan şəhərində 2 min manat alıb. Həmin ilin mayında isə Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksinin ərazisində daha 2 min manat götürüb.
Bundan sonra zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin istifadəsində olan M10 hesabına iki dəfə pul köçürüb.
Beləliklə, zərərçəkmiş şəxsin ümumilikdə 8 min manat pulu ələ keçirilib.
İş materiallarında qeyd olunur ki, təqsirləndirilən şəxs aldığı pul müqabilində mənzil məsələsini həll edəcəyini vəd etsə də, öhdəliyini yerinə yetirməyib.
Məhkəmədə təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində bildirib ki, təxminən 6-7 il əvvəl taksi fəaliyyəti ilə məşğul olub. Həmin dövrdə Bakı şəhərinin Dərnəgül qəsəbəsində ehtiyat hissələri satılan mağazadan avtomobili üçün ehtiyat hissələri alarkən bir şəxslə tanış olub.
Onun sözlərinə görə, 2024-cü ilin əvvəllərində həmin şəxslə görüş zamanı sonuncu Hövsan qəsəbəsində MİDA tərəfindən inşa edilmiş mənzillərin satışı ilə məşğul olduğunu və tanış şəxslər vasitəsilə növbədənkənar ipoteka ilə mənzil almağa köməklik göstərə biləcəyini deyib.
Həmin şəxsin hər müştəri üçün ona 500 manat verəcəyini, müştərilərə isə atasının MİDA-da işlədiyini söyləməsini və öz adının hallandırılmamasını tapşırdığı bildirilib.
Daha sonra təqsirləndirilən şəxs tanışına Hövsanda inşa edilmiş MİDA binalarından mənzil almağa köməklik göstərə biləcəyini bildirib. Mənzilin növbədənkənar alınması üçün 2 min manat lazım olduğunu deyib.
Seyid
Şərhlər