“Həkimlərin əməkhaqlarının artırılması səhiyyə siyasətinin sosialyönümlü istiqamətinin gücləndirilməsi baxımından mühüm qərardır"
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə TƏBİB-in tabeliyində olan həkimlərin maaşlarının artırılması ilə bağlı qərara münasibət bildirərkən deyib.
Deputat hesab edir ki, həkimlik həm yüksək peşəkarlıq, həm də böyük məsuliyyət tələb edən sahədir:
“Bu baxımdan, tibb işçilərinin əməyinin daha adekvat şəkildə qiymətləndirilməsi onların sosial təminatına müsbət təsir etməklə yanaşı, peşəyə olan motivasiyanın yüksəlməsinə də xidmət edə bilər. Bu artımın səhiyyəyə əsas töhfələrindən biri kadr potensialının qorunması və gücləndirilməsi ola bilər”.
Arzuxan Əlizadənin sözlərinə görə, əməkhaqqının yüksəldilməsi dövlət tibb müəssisələrində çalışan həkimlər üçün daha əlverişli iş mühiti formalaşdırır:

“Təcrübəli mütəxəssislərin sistemdə qalmasını stimullaşdırır və gənclərin tibb sahəsinə marağını artırır. Nəticədə səhiyyə xidmətlərinin davamlılığı və keyfiyyətinin yüksəldilməsi üçün daha sağlam zəmin yaranır. Təbii ki, səhiyyənin inkişafı yalnız maaş artımı ilə məhdudlaşmamalıdır. Həkimlərin peşəkar inkişafı, müasir tibbi avadanlıqlarla təminat, iş şəraitinin yaxşılaşdırılması və tibbi xidmətlərin keyfiyyətinə nəzarətin gücləndirilməsi də paralel aparılmalıdır”.
Deputat sonda əlavə edib ki, əməkhaqqı artımının bu istiqamətlərlə tamamlanması vətəndaşların daha keyfiyyətli və əlçatan tibbi xidmət almasına, bütövlükdə səhiyyə sisteminə ictimai etimadın daha da möhkəmlənməsinə imkan verəcək.
Professor Adil Qeybulla da həkimlərin maaşlarının artırılması ilə bağlı qərarı alqışlayıb. O, bu qərarın gələcəkdə bütün tibb işçilərinə şamil olunmasını arzuladığını bildirib:

"Həkimlərin maaşlarının artımı ilə bağlı qərar istəlinən halda alqışlanmalıdır. Çox istərdik ki, qərar bütün səhiyyə işçilərinə aid olsun. Məsələ bir sistem halında olmalıdır. Xarici ölkələrdə olduğu kimi həkimlərin fiksə olunmuş maaş sistemi yaradılmalıdır".
Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB-in tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib. Prezidentin tapşırığı əsasında 2026-cı il sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisinin maaşları artırılacaq.
Bahar Rüstəmli
Şərhlər