XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Gəncədə torpaq satışı adı ilə 48 min manatlıq dələduzluq
Ölkə13:59 03.09.2026

Gəncədə torpaq satışı adı ilə 48 min manatlıq dələduzluq

Gəncədə torpaq satışı və sənədləşdirilməsi vədi ilə vətəndaşlardan ümumilikdə 48 min 100 manat alan iki şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Qaynarinfo-nun məlumatına görə, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslərdən Arif Ziyadov (ad və soyad şərtidir) müxtəlif şəxsləri torpaq satacağına və sənədləşmə aparacağına inandıraraq onlardan pul alıb. İşin bir epizodunda isə onun Kamran Məmmədovla (ad və soyad şərtidir) qabaqcadan əlbir olaraq hərəkət etdiyi müəyyən olunub.

İş materiallarına əsasən, Arif Ziyadov 2022-ci ildə özgəsinin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Gəncənin Yeni Gəncə qəsəbəsində, 28 May küçəsində yerləşən 300 kvadratmetr torpaq sahəsini satacağını vəd edib. Halbuki onun həmin torpaq sahəsi üzərində hər hansı mülkiyyət hüququ olmayıb.

Arif Ziyadov torpağın satılacağını və sənədləşdiriləcəyini bildirərək zərərçəkmiş şəxsdən müxtəlif vaxtlarda pul alıb. Belə ki, ona əvvəlcə 8 min manat, daha sonra 3 min, 3 min və 3 min manat, sonrakı tarixlərdə isə 500 və 500 manat verilib. Beləliklə, zərərçəkmiş şəxsin ümumilikdə 18 min manat pulu ələ keçirilib.

Arif Ziyadov ibtidai istintaq zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxsdən 18 min manat aldığını təsdiqləyib. O, torpağın sənədləşdiriləcəyini vəd etdiyini, aldığı pulları isə borclarına və şəxsi ehtiyaclarına xərclədiyini bildirib.

İş materiallarında qeyd olunur ki, zərərçəkmiş şəxs sənədləşmənin vəziyyətini soruşduqda Arif Ziyadov müxtəlif səbəblər gətirib. Sonradan zərərçəkmiş şəxs daha pul verməkdən imtina edib və Arif Ziyadov onun telefon zənglərinə cavab verməyib.

Cinayət işinin digər epizodu 700 kvadratmetr torpaq sahəsinə çıxarış alınması vədi ilə bağlı olub.

İttihama görə, 2023-cü ilin avqust ayının əvvəllərində zərərçəkmiş şəxs Arif Ziyadova müraciət edərək torpaq sahəsinə çıxarış almaq istədiyini bildirib. Arif Ziyadov torpağın sənədlərinə baxdıqdan sonra 5 min manat müqabilində çıxarış düzəldə biləcəyini deyib.

Bir neçə gün sonra zərərçəkmiş şəxs ona 5 min manat verib. Arif Ziyadov çıxarışı 3-4 ay müddətinə hazırlayacağını vəd edib. 2024-cü ilin əvvəlində isə ASAN xidmət mərkəzinin qarşısında rüsum ödəmək adı ilə həmin şəxsdən daha 100 manat alıb.

Beləliklə, bu epizod üzrə zərərçəkmiş şəxsin 5 min 100 manat vəsaiti ələ keçirilib.

İşin daha bir epizodunda isə Arif Ziyadov Kamran Məmmədovla birlikdə hərəkət edib. İttihama əsasən, onlar faktiki olaraq üzərlərində mülkiyyət hüququ olmayan 400 kvadratmetr torpaq sahəsini zərərçəkmiş şəxsə satmaq qərarına gəliblər.

İş materiallarına görə, Arif Ziyadov daha əvvəl torpaq sənədlərinin düzəldilməsi məqsədilə başqa şəxsdən etibarnamə alıb. Daha sonra həmin etibarnamədən istifadə edərək torpaq sahəsi ilə bağlı sənədləşmə aparılıb və zərərçəkmiş şəxsə torpağın satılması barədə vəd verilib.

Torpaq sahəsinin 25 min manata satılacağı bildirilib. Məhkəmə materiallarına əsasən, zərərçəkmiş şəxs notariat kontorunun qarşısında 25 min manat pul verib.

Arif Ziyadov ibtidai istintaq zamanı verdiyi ifadəsində həmin məbləğin 20 min manatını özünün, 5 min manatını isə Kamran Məmmədovun götürdüyünü bildirib.

Sonradan zərərçəkmiş şəxsə satılan torpaq sahəsinin başqa şəxsə məxsus olduğu məlum olub. Bundan sonra zərərçəkmiş şəxs pulunu geri tələb edib. Arif Ziyadov və Kamran Məmmədov isə ona başqa torpaq sahəsi təklif ediblər.

Həmin torpaq sahəsinin sahibinin razılaşmadığı məlum olduqdan sonra zərərçəkmiş şəxs 25 min manatının geri qaytarılmasını tələb edib.

Arif Ziyadov məhkəmə iclasında özünü ona verilmiş ittihamlar üzrə təqsirli bilməyib. O, 18 min manat verdiyi iddia olunan zərərçəkmiş şəxsi ümumiyyətlə tanımadığını, onu ilk dəfə polis idarəsində, daha sonra isə məhkəmədə gördüyünü bildirib.

O, həmin şəxsə torpaq satmadığını və ondan pul almadığını deyib.

25 min manatlıq epizodla bağlı isə Arif Ziyadov yalnız zərərçəkmiş şəxslə arxivə getdiyini, torpaq satmadığını bildirib. Onun sözlərinə görə, həmin torpağı başqa şəxslər satıblar.

Bununla yanaşı, Arif Ziyadov zərərçəkmiş şəxsin notariat kontorunda stolun üzərinə 25 min manat qoyduğunu, özünün isə həmin puldan təxminən 3-4 min manat götürdüyünü bildirib.

Arif Ziyadov ibtidai istintaq zamanı verdiyi ifadəsində isə digər epizodlarla bağlı daha fərqli məlumatlar verib. O, 18 min manatın mərhələli şəkildə özünə verildiyini, həmin pulları borclarına və şəxsi ehtiyaclarına xərclədiyini etiraf edib.

Həmçinin 5 min manat müqabilində çıxarış düzəltməyi vəd etdiyini və həmin məbləği aldığını bildirib.

Təqsirləndirilən şəxs bu ziddiyyətləri izah edərkən psixoloji probleminin olduğunu, bəzi halları xatırlamadığını və ibtidai istintaq zamanı verdiyi ifadəni oxumadan imzaladığını deyib.

Kamran Məmmədov isə məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və törətdiyi əməldən peşman olduğunu bildirib.

O, Arif Ziyadovla birlikdə 25 min manatın ələ keçirilməsində iştirak etdiyini etiraf edib. Kamran Məmmədovun sözlərinə görə, həmin məbləğin 5 min manatı ona, 20 min manatı isə Arif Ziyadova çatıb.

O, həmçinin torpaq sahəsinin sənədlərinin araşdırılması və notariat kontorunda aparılan əməliyyatlar zamanı Arif Ziyadovla birlikdə iştirak etdiyini bildirib.

Məhkəmə araşdırması nəticəsində Arif Ziyadov Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmə), 178.2.2 (təkrar törədilmə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədilmə) maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Onun 2 gün müddətində həbsdə saxlanılması nəzərə alınaraq bu müddət cəzadan çıxılıb və üzərində qəti olaraq 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Kamran Məmmədov da Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Ona 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

Təqsirləndirilən şəxsin 2 gün müddətində həbsdə saxlanılması nəzərə alınaraq üzərində qəti olaraq 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Seyid