Niderland Mərkəzi Bankı (DNB) artan geosiyasi gərginliyi əsas gətirərək milyardlarla dollar dəyərində qızılın Şimali Amerikadan çıxarılaraq Londona köçürüldüyünü təsdiqləyib.
Qaynarinfo-nun məlumatına görə, DNB çərşənbə günü bildirib ki, bir neçə ay davam edən mürəkkəb əməliyyat nəticəsində ABŞ və Kanadadan 86 ton qızıl çıxarılıb. Qiymətli metal hazırda böhran vəziyyətində daha asan alınıb-satılması üçün İngiltərə Bankında saxlanılır.
Bankın prezidenti Olaf Sleypen bu addımın “dayanıqlığımızı və hazırlığımızı gücləndirmək üçün zəruri” olduğunu bildirib.
Qərar ABŞ və Kanada arasında davam edən ticarət mübahisəsi fonunda qəbul edilib. Tərəflər uğursuz ticarət danışıqlarından sonra bir-birlərinə qarşı yeni tariflər tətbiq edəcəklərini açıqlayıblar.
DNB-nin məlumatına görə, mart-avqust ayları arasında həyata keçirilən köçürmə zamanı 27 ton qızıl külçəsi Nyu-York və Ottavadan Niderlandın Zeyst şəhərinə daşınıb.
Daha sonra eyni miqdarda və keyfiyyətdə qızıl Londona köçürülüb və bunun üçün külçələrin əridilməsinə ehtiyac olmayıb.
Atlantik okeanı boyunca bu qədər qızılın dəqiq necə daşındığı açıqlanmayıb.
Köçürmənin qalan hissəsi isə qızılın Nyu-Yorkda satılması və Londonda yenidən alınması yolu ilə həyata keçirilib.
“Alqı-satqı proseslərinin fiziki daşınma ilə birləşdirilməsi DNB-yə belə mürəkkəb fiziki qızıl köçürülməsi ilə bağlı riskləri bölüşdürməyə imkan verib”, - bankın açıqlamasında deyilir.
DNB “geosiyasi gərginlik” ifadəsi ilə konkret olaraq nəyi nəzərdə tutduğunu açıqlamayıb. Bununla belə, ABŞ iqtisadiyyatı qeyri-müəyyən vəziyyətdə qalır və ölkənin İranla davam edən müharibəsi qlobal ticarətə təsir göstərir.
Kanada isə ABŞ-ın polad, alüminium, taxta-şalban və avtomobil kimi əsas sektorlarına tətbiq etdiyi tariflərdən ciddi zərər görüb. Bundan əlavə, avqust ayında Kanadanın təxminən 28 milyard Kanada dolları (20 milyard ABŞ dolları; 15 milyard funt sterlinq) dəyərində məhsuluna 50 faizlik əlavə rüsum tətbiq ediləcəyi açıqlanıb.
DNB bildirib ki, İngiltərə Bankında saxlanılan qızıl “dünyada ən asan satıla bilən qızıl hesab olunur”. Buna görə də böhran vəziyyətində bu qızıl ABŞ və ya Kanadada saxlanılan qiymətli metalla müqayisədə daha əlçatan olur.
Çərşənbə günkü açıqlamadan əvvəl DNB qızıl ehtiyatlarının 31,3 faizini Nyu-Yorkda, 19,7 faizini isə Ottavada saxlayırdı. Köçürmədən sonra bu göstərici hər iki şəhər üzrə 18,5 faizə düşüb.
DNB-nin məlumatına görə, Niderlandın ümumi qızıl ehtiyatı 2025-ci ilin sonunda 612,4 ton təşkil edib və onun dəyəri 72,2 milyard avro qiymətləndirilib.
Köçürmədən sonra bankın Londonda saxladığı qızılın payı 18,1 faizdən 32,1 faizə yüksəlib. Ehtiyatların 30,8 faizi isə Niderlandda saxlanılır.
Aydın
Şərhlər