Siyasət 17:20 08.02.2023

Mirzoyan: Bəzi məsələlərdə Azərbaycanla mövqelərimizi yaxınlaşdıra bilmişik

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan xorvatiyalı həmkarı Qordan Qrliç-Radmanla İrəvanda keçirdiyi mətbuat konfransında bəzi məsələlərdə Azərbaycanla mövqeləri yaxınlaşdırmağın mümkün olduğunu bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik"in məlumatında deyilir.

Onun sözlərinə görə, Bakı ilə sülh müqaviləsi üzrə danışıqlar ardıcıl prosesdir, tərəflər təklif və şərhlər mübadiləsi aparır. Eyni zamanda, bu məsələlərin müzakirəsi üçün nazirlərin görüşləri keçirilir.

"Təxminən 10 gün əvvəl biz Azərbaycandan cavab və növbəti bir təklif aldıq. İndi biz müzakirə mərhələsindəyik. Bu, danışıqlar prosesinin əslində, dayanmadığını deməyə əsas verir. İndi də yeni şərhlərimizlə çıxış edəcəyik”, Mirzoyan deyib.

O, tərəflərin mövqeləri vaxtaşırı dəyişdiyindən təkliflərin məzmunu və təfərrüatlarını açıqlamayıb.

"Müxtəlif mərhələlərdə tərəflərin müxtəlif məsələlərlə bağlı mövqeləri üst-üstə düşür, bəzən bir-birindən uzaq qalmaqda davam edir. Ona görə də hər hansı bir təfərrüatı götürüb tərəflərin mövqeyinin necə olduğunu söyləmək yersizdir. Sabahdan mənzərə tamamilə fərqli ola bilər. Bir daha deyirəm, bəzi məsələlərdə mövqeləri yaxınlaşdırmağa nail olmuşuq”, deyə Mirzoyan bildirib.

O, eyni zamanda qeyd edib ki, Ermənistanın bu prosesdə bir sıra fundamental problemləri var. Onlar dəfələrlə ictimai müzakirəyə çıxarılıb.

Bundan əvvəl Mirzoyan bildirib ki, Ermənistan bu yaxınlarda Azərbaycandan sülh müqaviləsi ilə bağlı daha bir təklif alıb.

Alpər