Xəbər lenti

“Təxribatlara uymayaq, əzizlərim!” - Röya
Maqazin01:03 14.10.2026

“Təxribatlara uymayaq, əzizlərim!” - Röya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xalq artisti Röya Ayxan ölkədə son günlər vətəndaş birliyi ətrafında yaranan müzakirələrə münasibət bildirib.

Müğənni bu barədə instaqram hesabında paylaşım edib.

Röya Ayxan qeyd edib ki, cəmiyyətdəki müzakirələr onu bir Azərbaycan vətəndaşı və ana kimi narahat edir. O, övladının məktəbdəki nizam-intizamına, geyiminə diqqət yetirdiyini, eyni zamanda ona başqalarından fərqlənməməyi və insanlara bərabər yanaşmağı aşılamağa çalışdığını vurğulayıb.

Sənətçi bildirib ki, valideynlərin əsas məqsədi övladlarını savadlı, dövlətinə və Vətəninə faydalı insanlar kimi yetişdirmək olmalıdır. Onun sözlərinə görə, uşaqları böyüklərin keçmişdə yaşadıqları çətinliklərin və travmaların təsiri altında istəmədikləri addımlara yönəltmək düzgün deyil.

“Qoy, övladlarımız rahat böyüsün, gələcəyini seçmə şansı olsun. Bundan gözəl nə var?” – deyə Röya Ayxan vurğulayıb.

Xalq artisti valideynləri uşaqları təhsilə, elmə və biliyə yönləndirməyə çağırıb. O, gələcəkdə bu gün verilən qərarların düzgünlüyünün daha yaxşı anlaşılacağını da qeyd edib. Müğənni sərhədlərin bağlı qalması ilə bağlı əvvəlki etirazları xatırladaraq, həmin qərarın qonşu ölkələrdəki müharibələrin Azərbaycana sıçramasının qarşısını aldığını bildirib.

Röya Ayxan paylaşımında həmkarlarına da müraciət edib. O, sənət adamlarının belə məsələlərdə susmamalı, Azərbaycan mövqeyini ortaya qoymalı və dövlətin qanunlarını dəstəkləməli olduqlarını bildirib.

“Hamımız bu Vətənin övladlarıyıq, ona sahib çıxaq, təxribatlara uymayaq, əzizlərim!” – deyə sənətçi fikirlərini yekunlaşdırıb. //Musavat.com