Siyasət 18:37 20.05.2022

Mixalkov Rusiyanın Dnestryanını tutacağını, Əlizadə isə bu cəhdin puç olacağını deyir

Rusiyalı politoloq Yevgeni Mixalkov bəyan edib ki, Rusiya ordusu Odessanı tutandan sonra Dnestryanıda da əməliyyat keçirəcək. O, bunu Moldova hökumətinin son zamanlar Dnestryanıdakı rus qüvvələrinin çıxarılması tələbilə çıxış etməsinə cavab olaraq deyib. 

Ümumiyyətlə, artıq bir müddətdir ki, Rusiyanın Odessanı tutandan sonra Dnestryanıya da hücum edəcəyi barədə fikirlər səslənir. Bu fikirlər həm Qərb, həm də Ukraynanın bir sıra politoloqları, siyasiləri tərəfindən dilə gətirilib. 

Rusiya hazırda Ukraynanın cənub sərhədlərində bir sıra məntəqələri işğal edib. Odessa şəhəri Kiyevin nəzarətində olsa da, bu şəhər də ara-sıra rus bombalarının atəşinə məruz qalır. Amma hələlik rus qüvvələri bu şəhərdən uzaqdır. Lakin aydın məsələdir ki, Moskvanın Odessanı ələ keçirərsə, Moldovanın da vəziyyəti kritikləşəcək. Bu halda rus qoşunları asanlıqla Dnestranıya daxil olaraq, sözsüz ki, bu ərazini də ilhaq edəcək. Yəni Moldova və Dnestryanının taleyi bütün hallarda Odessanın müqavimətindən asılı olacaq. 

Son zamanlar Rusiya qoşunlarının Ukraynada irəliləməsinin qarşısı demək olar ki, alınıb. Hətta, lend-liz yardımının alınması fonunda güclənəcək Ukrayna ordusu müəyyən vaxtdan sonra əks-hücuma keçərək rusları sözügedən ərazidən də müəyyən qədər geri oturda bilər. 

Məsələ barədə Qaynarinfo-ya açıqlama verən politoloq Zərdüşt Əlizadə düşünür ki, lend-liz layisinin işə başlaması fonunda Rusiya qoşunlarının irəliləyərək hərbi əməliyyatları Moldovanın Dnestryanı bölgəsinə keçirmək cəhdləri də puç olacaq:

"Ukrayna cəbhəsində hərbi vəziyyət qeyri-müəyyəndir. Cəbhədə ağır döyüşlər gedir. Rusiya ordusu üstünlüyə malikdir və ləng də olsa irəliləyir. Ukrayna ordusu müəyyən məqamlarda geri çəkilsə də, əks tərəfə ağır zərbələr də endirir. Belə bir şəraitdə müharibənin gedişi barədə müxtəlif fərziyələr irəli sürmək olar. 

Gözləntilərdən biri odur ki, bir ay sonra Ukrayna ordusu Qərbdən müasir hücum silahları alanda, əks hücuma keçib, rus ordusunu məğlub edəcək. O zaman Rusiyanın Moldovaya və onun ərazisi olan Dnestryanıya hücum etməyə imkanı da olmayacaq. 

Digər ehtimala görə, ay yarımdan sonra rus ordusunun hücum imkanları tükənəcək. Ardınca Qərb Kiyevi Moskva ilə atəşkəs imzalamaq üçün dilə tutacaq. Daha uzaqgörən təhlilçilər isə deyir ki, Kiyev atəşkəs barədə təklifi qəbul etməyəcək. Ona görə müharibə davam edəcək”. 

Rüfət Sultan