Dünya 16:39 30.05.2023

Moskvaya dron hücumu: Nəqliyyatın hərəkəti iflic oldu - Ekspert

"GPS sistemləri yeri dəqiqliyinə qədər göstərən  avadanlıqdır. Moskvada GPS sistemlərini ona görə söndürüblər ki, dronları atan tərəf onları idarə edə bilməsin”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Moskvaya edilən PUA hücumları ilə əlaqədar paytaxtda söndürülən GPS sistemlərinin oynadığı roldan danışarkən deyib:
 
"GPS sistemləri pilotsuz uçuş aparatlarını idarə etmək üçün nəzərdə tutulan proqramdır. GPS sistemləri rəsmilər tərəfindən dronlar atılan zaman ona görə söndürülüb ki, konkret hədəflər vurulmasın, mühüm strateji obyektlər hədəfdən yayına bilsin. Adətən, dronlardan mühüm strateji obyektləri vurmaq üçün istifadə edirlər. GPS-nin söndürülməsi də peyk vasitəsilə həyata keçirilib. Baş verən bu olay nəticəsində taksi fəaliyyəti göstərən sürücülər Moskvada ünvanları tapmaqda, insanlar hansısa bir yerə getməkdə ciddi çətinliklə üz-üzə qalıblar. Bu proqramda şəhərin konkret küçələri, yolları, obyektləri dəqiqliklə göstərilir. Həmin sistem vasitəsilə sifariş edilən taksilər də müştəri hansı nöqtədə dayanırsa, az qala ora qədər gəlir. GPS sistemlərinin söndürülməsi nəqliyyatın işini iflic edib”. 

Qeyd edək ki, Moskvaya atılan 25 ədəd PUA-lar nəticəsində Rusiya paytaxtında GPS sistemləri söndürülüb. PUA-ların yaşayış binalarına çırpılması naviqasiyada nasazlıqlar və ya radielektron müdafiə sistemlərinin aktiv işləməsi nəticəsində baş verib. Hücumdan sonra Moskva sakinləri GPS naviqasiyasında problemlərdən şikayət etməyə başlayıblar. Şəhərin Nəqliyyat Departamenti Udaltsova küçəsi ilə Leninski prospektindən Mixail Pevtsov küçəsinə qədər avtomobillərin hərəkətini məhdudlaşdırdığını elan edib. 

Rüfət Sultan