XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Müəllimlər üçün vahid geyim qaydası gəlir? - Nazir açıqladı, ekspert və deputat danışdı
Ölkə13:38 16.09.2026

Müəllimlər üçün vahid geyim qaydası gəlir? - Nazir açıqladı, ekspert və deputat danışdı

Azərbaycanda orta ümumtəhsil məktəblərində çalışan müəllimlər üçün vahid geyim formasının tətbiqi gündəmə gəlib. 2026–2027-ci tədris ilində müəllimlərin vahid geyim formasına keçməsi gözlənilir.

Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında müəllimlərin geyimi məsələsinə də toxunub. Nazir bildirib ki, yaxın günlərdə bu istiqamətdə yeni qaydalar müəyyənləşdiriləcək.

“Müəllimin geyimi müəyyən formada tədris prosesinə, şagirdlərin davranışına, ümumiyyətlə, məktəb mühitinə təsir edir. Yaxın günlərdə bu qaydalarla bağlı ictimaiyyətə məlumat veriləcək”, deyə Emin Əmrullayev qeyd edib.

Bəs müəllimlər vahid geyim formasına necə yanaşır? Yeni qaydalar məktəb mühitinə hansı təsiri göstərə bilər?

Milli Məclisin deputatı Ceyhun Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, müəllim ilk növbədə davranışı və görünüşü ilə şagirdlərə nümunə olmalıdır.

“Müəllim davranışı, yanaşması və görünüşü ilə, sözün həqiqi mənasında, şagirdlər üçün nümunə olmalıdır. Şagirdlər müəllimin geyiminə və davranışına diqqət yetirirlər. Müəllim necə geyinirsə, şagird də ondan nümunə götürə bilər. Ona görə də müəllimlərin bu məsələdə çox diqqətli olmasına ehtiyac var. Əsas məqsəd müəllimlərin məktəb mühitinə uyğun vahid geyim formasının müəyyənləşdirilməsidir”, deyə deputat vurğulayıb.

Ceyhun Məmmədovun sözlərinə görə, müəllimlərin geyimi ictimai və etik normalara uyğun olmalıdır:

“Bu geyim ictimai normalara zidd, eyni zamanda, açıq-saçıq olmamalıdır. Müəllim özünün nümunəvi rolunu ortaya qoymalı, şagirdlər də həmin nümunəni ondan götürməlidirlər. Elm və Təhsil Nazirliyi bu məsələ üzərində işləyir. İnanırıq ki, qısa zamanda nəticə cəmiyyətə açıqlanacaq və proses düzgün istiqamətdə gedəcək”.

Təhsil eksperti Elçin Əfəndi isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, müəllimlərin geyim forması ümumi tədris prosesinin tələblərinə uyğun olmalıdır:

“Bu, mütləqdir. Çünki söhbət təkcə tədris prosesinin iştirakçısından getmir. Burada ümumi tədrisə yanaşma, şagirdə hörmət, etik kodeks və digər məsələlər də nəzərə alınmalıdır. Ona görə də müəllim geyimində etik çərçivələr mütləq gözlənilməlidir”.

Ekspertin sözlərinə görə, hazırda müəllimlərin vahid geyimi ilə bağlı müzakirələr gedir və hələlik vahid geyimlə bağlı hər hansı qərar yoxdur.

Elçin Əfəndi bildirib ki, müəllimlərin geyiminin hansı formada olacağı və bunun qanunvericilikdə necə tənzimlənəcəyi hələ dəqiqləşməyib:

“Müəllim geyimi hansı formatda olmalıdır? İlkin olaraq bildirilib ki, geyim maksimum dərəcədə etik qaydalara və tədris prosesinin tələblərinə uyğun olmalıdır. Çünki bu məsələ şagirdlərin baxışlarına və davranışlarına, eləcə də ümumi pedaqoji heyətə və məktəb mühitinə təsir edir. Bu amillər nəzərə alınaraq müəllimlər geyimlərini tənzimləməlidirlər. Bəzi qurumlarda dress-kod tətbiq olunur və əməkdaşlar həmin formata uyğun geyinirlər”.

Bahar Rüstəmli