Ətraf mühitin çirklənməsi dedikdə ağlımıza ilk növbədə tüstülü şəhərlər, xroniki öskürək, astma və ya ürək-damar xəstəlikləri gəlir. İllərdir ki, ekoloji problemlər məhz bu çərçivədə müzakirə olunur. Lakin beynəlxalq elmi ictimaiyyətin və xüsusilə “Journal of Epidemiology and Community Health” jurnalında dərc olunan son genişmiqyaslı tədqiqatların ortaya qoyduğu həqiqət daha ciddi narahatlıq doğurur: Nəfəs aldığımız çirkli hava təkcə ağciyərlərimizə deyil, psixi vəziyyətimizə və beynimizin fəaliyyətinə də təsir göstərə bilər.
Qaynarinfo xəbər verir ki, Belfastdakı Kraliça Universitetinin (Queen's University Belfast) alimləri tərəfindən aparılan yeni analiz havanın çirklənməsi ilə yüksək intihar riski, intihara cəhd və intihar düşüncələri arasında nəzərəçarpan əlaqənin olduğunu ortaya qoyub.
Araşdırma çərçivəsində alimlər dünya üzrə aparılmış 29 müxtəlif elmi işin meta-analizini həyata keçiriblər. Nəticələr göstərir ki, havadakı xüsusilə incə zərrəciklərin (PM2.5) və azot dioksid (NO₂) kimi zərərli qazların səviyyəsi artdıqca, depressiv hallar və intihar davranışı meylləri də yüksəlir. Bununla kifayətlənməyən mütəxəssislər əlavə 16 tədqiqatı təhlil edərək kükürd dioksid, ozon və hətta şəhər mühitindəki səs-küy çirklənməsinin də oxşar psixoloji fəsadlarla əlaqəli olduğunu müəyyən ediblər.
Bəs görünməz çirkləndiricilər insanın psixi vəziyyətinə necə təsir edir?
Bioloji baxımdan bu proses kifayət qədər mürəkkəbdir. Tənəffüs etdiyimiz mikrohissəciklər ağciyərlərdən qan dövranına, oradan isə beyin toxumalarına keçə bilir. Bu zərrəciklərin beyində “neyroiltihab” adlanan iltihabi prosesləri gücləndirə və əhval-ruhiyyənin tənzimlənməsində rol oynayan neyrotransmitterlərin balansına təsir göstərə biləcəyi ehtimal olunur. Nəticədə insanda təşviş, impulsiv davranışlar və depressiv hallar yarana bilər.
Digər tərəfdən, elmi dünyada bu tapıntılara ehtiyatla yanaşan mütəxəssislər də var. Böyük Britaniyanın Psixiatriya Kral Kollecindən Dr. Con Van Niekerk və Kembric Universitetinin biostatistika üzrə professoru Stefen Burgess bildirirlər ki, bu tədqiqat statistik əlaqəni göstərir, lakin havanın çirklənməsinin birbaşa intihara səbəb olduğunu qəti şəkildə iddia etmək üçün hələ tezdir. Çünki çirklənmənin yüksək olduğu ərazilər adətən aşağı sosial-iqtisadi təminat, sıx şəhər həyatı, pis mənzil şəraiti və xroniki sosial stressin hökm sürdüyü zonalardır. Bütün bu mənfi amillər də kompleks şəkildə insanın psixoloji vəziyyətinə təsir göstərə bilər.
Buna baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatının (DST) statistikası məsələnin miqyasını bir daha gözlər önünə sərir: hər il dünyada 720 mindən çox insan intihar nəticəsində həyatını itirir və bu, 15–29 yaş arası gənclər arasında üçüncü əsas ölüm səbəbidir. “Samaritans” xeyriyyə təşkilatından Dr. Cess Mudi və araşdırmanın müəllifləri hesab edirlər ki, təbiətin və havanın təmizlənməsi layihələri artıq sadəcə ekoloji məsələ kimi deyil, cəmiyyətin ümumi psixoloji rifahını və insanların həyatını qorumaq üçün səhiyyə strategiyasının bir hissəsi kimi qəbul edilməlidir.
Şəbnəm İbrahimxəlilova
Şərhlər