Xəbər lenti

Müharibənin gedişatını dəyişdirə biləcək iki addım: Səudiyyə Çindən nə alır?
Dünya 12:59 29.07.2026

Müharibənin gedişatını dəyişdirə biləcək iki addım: Səudiyyə Çindən nə alır?

Yaxın Şərqdə aylardır davam edən qarşıdurmalar fonunda diqqət çəkən iki yeni hadisə baş verib. 

Qaynarinfo xəbər verir ki, Səudiyyə Ərəbistanının ABŞ ilə birlikdə İraqda İranın dəstəklədiyi silahlı qruplara qarşı hava zərbələri endirdiyi bildirilir. Eyni zamanda, İranın Çindən yeni hava hücumundan müdafiə sistemləri almağa hazırlaşdığı iddia olunur.

Səudiyyə Ərəbistanı İraqda əməliyyata qoşuldu

Səudiyyə Ərəbistanı son beş ay ərzində İranla əlaqə kanallarını açıq saxlamağa və regional münaqişəyə cəlb olunmamağa çalışırdı. Lakin Qırmızı dənizdə gərginliyin artmasından sonra hadisələrin yeni mərhələyə keçdiyi bildirilir.

İraqdakı *"Haşdi Şabi" qüvvələri ABŞ və Səudiyyə Ərəbistanının ölkənin müxtəlif bölgələrində yerləşən obyektlərinə endirdiyi zərbələr nəticəsində 8 nəfərin öldüyünü, 4 nəfərin isə yaralandığını açıqlayıb.



"Haşdi Şabi"nin Media İdarəsinin bəyanatında bildirilib ki, təşkilata məxsus bir sıra obyektlər səhər saatlarında ABŞ və Səudiyyə Ərəbistanı qüvvələrinin hücumuna məruz qalıb.

Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ və Səudiyyə Ərəbistanı silahlı qüvvələrinin İraqın şərqində İranın dəstəklədiyi silahlı qruplara məxsus hədəflərə hava zərbələri endirdiyini açıqlamışdı.

Eyni zamanda, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ölkənin Şərq bölgəsində və paytaxt Ər-Riyaddakı neft obyektlərini hədəf alan çoxsaylı pilotsuz uçuş aparatlarının hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirib. Nazirlik hücumların İraq ərazisindən fəaliyyət göstərən və İranın dəstəklədiyi silahlı qruplar tərəfindən həyata keçirildiyini iddia edib.



Səudiyyə Ərəbistanı müharibəyə cəlb olunur?

Səudiyyə Ərəbistanı son on ildə iqtisadiyyatını xarici investisiyalara açmağa və regionun iqtisadi mərkəzinə çevrilməyə üstünlük verib. 2023-cü ildə Çinin vasitəçiliyi ilə İranla münasibətlərin normallaşdırılması barədə əldə olunan razılaşma da bu siyasətin tərkib hissəsi hesab olunur.

Lakin Yəməndə İranın dəstəklədiyi husilərin raket hücumları, İraqdakı İran yönümlü silahlı qrupların pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar və Qırmızı dənizdə artan gərginlik bölgədə vəziyyəti daha da mürəkkəbləşdirib.

"CNN International" məsələ ilə bağlı təhlilində "Səudiyyə Ərəbistanı qaçmağa çalışdığı müharibəyə sürüklənir" başlığından istifadə edib. Təhlildə qeyd olunur ki, Ər-Riyad rəhbərliyi münaqişəyə birbaşa qoşulmaq istəməsə də, "qırmızı xətlərin aşılması" səbəbindən cavab zərbələri endirib.



Qırmızı dənizdə nə baş verib?

İranın dəstəklədiyi husilər iyulun 20-də Səudiyyə Ərəbistanının Yəməndə nəzarət etdiyi ərazilərə tətbiq etdiyi blokadaya cavab olaraq "dəniz naviqasiyası qadağası" elan etdiklərini açıqlamışdılar.

İyulun 22-də isə husilər Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus iki neft tankerini ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə aldıqlarını iddia etmişdilər. Bildirilirdi ki, hücum nəticəsində tankerlərdə yanğın baş verib.

Bunun ardınca Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri cavab olaraq husilərin nəzarətində olan Hudeydə limanına zərbələr endirib.

Çinin İrana hava hücumundan müdafiə sistemləri göndərəcəyi iddia olunur

Beynəlxalq xəbər agentliyinin məlumatına görə, İran ABŞ və İsraillə davam edən müharibə fonunda hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə Çindən daşına bilən zenit-raket kompleksləri almağa hazırlaşır.

Məlumata əsasən, ilk mərhələdə Çində istehsal olunan 300–400 ədəd daşına bilən hava hücumundan müdafiə sistemi (MANPADS), o cümlədən "QW-12" və "FN-16" raket komplekslərinin tədarükü nəzərdə tutulur. Təxminən 60–70 milyon ABŞ dolları dəyərində qiymətləndirilən bu müqavilənin İranın son dövrdə hava hücumundan müdafiə sahəsində atdığı ən böyük addımlardan biri olduğu bildirilir.

Mənbələr müqavilənin imzalandığını bildirsələr də, çatdırılma qrafiki, dəqiq say və digər detalların dəyişə biləcəyini qeyd ediblər.

Çin Xarici İşlər Nazirliyi isə bu məlumatları təkzib edərək bildirib: "Bu xəbərlər tamamilə əsassızdır. Çin münaqişələrin dayandırılması və sülhün təşviq olunması istiqamətində fəaliyyət göstərir".



Marşrutla bağlı ziddiyyətli açıqlamalar

İddialara görə, ilk göndərişlər Çinin qərbindən hava yolu ilə həyata keçiriləcək, daha sonra yüklər Pakistan üzərindən İrana çatdırılacaq. Bununla yanaşı, daşımaların quru marşrutu ilə də həyata keçiriləcəyi istisna edilmir.

Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Xidməti (ISPR) isə bu iddiaları rədd edərək ölkənin Çindən İrana hava hücumundan müdafiə sistemlərinin daşınmasında iştirak etməsi ilə bağlı məlumatların tamamilə uydurma olduğunu bildirib.

Qərb kəşfiyyat mənbələrinin və iranlı rəsmilərdən birinin sözlərinə görə, Tehran mümkün maneələrin qarşısını almaq və daşımaları daha məxfi şəkildə həyata keçirmək məqsədilə alternativ quru marşrutlarını da nəzərdən keçirir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->