İdman 15:27 15.09.2022

Nurlan İbrahimov: “Təəssüf ki, həmişə UEFA-dan “yox” cavabı almışıq”

Son erməni təxribatından sonra şəhid olan əsgərlərimizin "Nant”la oyundan öncə 1 dəqiqəlik sükutla yad edilməsi üçün  "Qarabağ”ın UEFA-ya ünvanladığı müraciət müsbət qarşılanmadı və qurum buna rədd cavabı verdi. UEFA-nın açıqlamasında bunun futbola aid olmadığı bildirildi. Ümumiyyətlə, UEFA-nın Qarabağ həqiqətlərinə ikili standartlarla yanaşması Azərbaycanın futbol ictimaiyyətinə məlumdur. Bunu anlamaq üçün Avropanın ali futbol qurumunun "Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimovun "Feysbuk”da yazdığı statusa görə futboldan uzaqlaşdırılması ilə bağlı qərarını misal çəkmək kifayət edir. 

Bu səbəbdən İbrahimovdan son məsələlərə münasibətini öyrəndik. Yeri gəlmişkən o, Qaynarinfo-ya müsahibəsində 8-ci dəfə təxirə salınmış məhkəmə prosesi haqda da danışdı.

- "Qarabağ”ın oyununda şəhidlərimizin 1 dəqiqəlik sükutla yad edilməsinə icazə verilmədi. UEFA-nın məntiqsiz qərarının qurbanı kimi buna münasibətin necədir?

- Əslində, bununla bağlı belə qərar veriləcəyini əvvəlcədən gözləyirdim. Çünki dəfələrlə şahidi olmuşuq. Görümüşük ki, belə vəziyyələrdə icazə vermirlər, bunun futbolla əlaqəli olmadığını bildiriblər. Bunu qəbul etmək lazımdır. Təbii ki, dünyada mövqelər fərqlidir. Bunu siyasi hadisələrlə əlaqələndirə bilərlər. Ancaq bunu siyasi hadisə kimi deyil, "fubola əlaqəli deyil” şəklində qələmə verirlər. O baxımdan, kraliçanın ölümünü "sivil ölüm” kimi dəyərləndirirlər və qəbul edirlər. Bunu isə qəbul etmirlər. Aydın məsələdir, istənilən halda insanlar ölür. İnsan ölümlərinə ehtiram göstərmək lazımdır. Azərbaycan insanları ölüb və oyun da ölkəmizin ərazisində keçirilir. Bu baxımdan azərbaycanlıların sükut tələb etməsi, tam təbii haqqıdır. Burada bizim insanlarımız öldüyünə görə belə bir şey tələb etməyimiz normaldır. Qeyri-adi nəsə yoxdur. Amma ənənəvi olaraq "yox” cavabı verdilər. Mən "Qarabağ”da işləyən zaman UEFA-ya belə hallarla əlaqədar müraciət etmişik və təəssüf ki, həmişə "yox” cavabı almışıq. Onlar Qarabağın siyasi vəziyyətini və klubun mahiyyətini anladıqlarına görə belə qərar veriblər. Bunu hər zaman xüsusi diqqətdə saxlayırlar. Razı olmurlar ki, nələrsə baş verə bilər. 

- Azarkeşlərə nə məsləhət görürsünüz? Stadionda şəhidlərin yad edilməsi mümkündürmü?

- Əlbəttə, çox rahatlıqla. Təbii ki, klubun işinə qarışmağım düzgün deyil. Amma öncədən amiqoları, yəni azarkeş qruplarının liderlərini təlimatlandırmaqla və bütün stadionu məlumatlandırmaqla sükut etmək olar. Burda məqsəd yad etməkdir və bunu rahatlıqla həyata keçirmək olar.

- "Qarabağ” Fransa klubuna qarşı oynayacaq, hansı ki, bu ölkə rəhbərliyinin Azərbaycana münasibəti heç də yaxşı deyil. Daha çox ermənipərəsdirlər. Bu, komandaya əlavə təzyiq yarada bilərmi?

- Ümumiyyətlə, "Qarabağ”ı bu təzyiqdən uzaq tutmaq lazımdır. Zatən "Qarabağ” illər ərzində beynəlxalq arenalrda Qarabağ həqiqətlərinin daşıyıcısı olub. Komandanın davamlı olaraq uğur qazanması dünyaya Qarabağ həqiqətlərinin sivil şəkildə çatdırılması baxımından böyük rol oynayır. Yəni, "Qarabağ” öz funksiyasını artıqlaması ilə yerinə yetirib. Komandanı sırf belə xüsusi məqamlarda təzyiq altında saxlamaq düzgün deyil. Bu daha öncə "Legiya” ilə oyunda, başqa analoji vəziyyətlərdə də olub. Üzərində azarkeş təzyiqi olmayanda "Qarabağ” daha rahat oynayır. Sizə tam səmimi deyirəm, bu oyunda bəlkə də hamıdan çox Qurban Qurbanov digər oyunlarda olduğu kimi bu dəfə də qələbə qazanmaq istəyir. Ona görə də bunu üzərinə əlavə təzyiq qoymaqla motivasiya etməyi fikirləşmək yanlış düşüncədir. Bu komandaya ziyan verər, nəinki fayda. Onsuz da çıxıb meydanda öz işlərini görürlər. Komanda bu istiqamətdə peşəkarlaşıb, illərlə təcrübə keçib, oynamağı bacarır. 

- Məhkəmən yenə təxirə salındı. 8-ci dəfə. Bu sizi bezdirmir ki?

- Bezdirmək deyəndə, ilk dəfələrdə insan intizarla gözləyir. Amma sonradan öyrəşirsən. Hadisənin bu yerə gəlib çıxacağını gözləmirdim. İstənilən halda məsələnin uzanması pozitiv amildir. Yəni CAS qərarın ədalətsiz olduğuna inanır. Uzatmalarla da bunun ədalətsiz qərar olduğunu bir daha göstərir. Məsələ ilə bağlı bir maddə var, nömrəsi yadımda deyil, qərarı əsaslandırılmış formada təqdim edirlər. O baxımdan bəlli hüquqi statuslar əsasında qərarın təxirə salındığını açıqlayırlar. Proses belədir. Əslində fərd olaraq CAS-ın ədalətli davranacağına inanıram. CAS UEFA-dan fərqli qurumdur. Onlar da məsələni uzatmaqla, dolayısı ilə sübut edirlər ki, UEFA tərəfindən verilən cəza real deyil. Ona görə də hər hansı təzyiq göstərilməsini məqbul saymıram. 

- Oktyabr ayında növbəti dəfə təxirə salınma gözləyirsiniz?

- Nə olacaq, bilmirəm, yenə də hər an qərar çıxa bilər. Həvəsdən düşmürəm. Hər qərar verilməyən gün ədalətin bərpa olunmasına bir ümiddir, inamdır.

Səbuhi Həsənov