XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Süni intellekt abituriyentlərin ixtisas seçimini dəyişdi - Proqramlaşdırmadan uzaqlaşırlar
Texnologiya20:46 03.09.2026

Süni intellekt abituriyentlərin ixtisas seçimini dəyişdi - Proqramlaşdırmadan uzaqlaşırlar

Süni intellekt texnologiyalarının inkişafı yalnız əmək bazarına deyil, həm də hazırkı abituriyentlərin gələcək peşə seçiminə təsir göstərir.

Qaynarinfo xəbər verir ki, Rumıniyanın “Ziare.com” nəşrinin yazdığına görə, Rumıniyada abituriyentlər proqramlaşdırma sahəsində iş yerlərinin gələcəkdə avtomatlaşdırma səbəbindən azalacağından ehtiyat edərək informatika fakültələrindən getdikcə daha çox uzaqlaşır və digər ixtisasları seçirlər.

Bu tendensiya builki qəbul kampaniyası zamanı nəzərəçarpacaq dərəcədə özünü göstərib. Rumıniyanın bir sıra universitetlərində qəbulun əsas mərhələsindən sonra informatika ilə əlaqəli ixtisaslarda boş yerlər qalıb. Xüsusilə Yassı şəhərindəki “Gheorghe Asachi” Texniki Universitetində son 15 ildə ilk dəfə avtomatika və kompüterlər fakültəsində dövlət hesabına onlarla boş yer qalıb.

Tələbələrdən birinin sözlərinə görə, prioritetlərin dəyişməsinə məhz süni intellektin proqramçı peşəsinə təsiri ilə bağlı narahatlıqlar səbəb olub. “Süni intellektin əldə etdiyi bütün nailiyyətlərə görə onlar fikirlərini dəyişdilər. Bir çoxları daha praktik istiqamətlərə, məsələn, elektrik və ya tikinti sahəsinə yönəldi. Onlar, məsələn, proqramlaşdırma sahəsində iş tapa bilməyəcəklərindən qorxurlar”, deyə gənc bildirib.

Gənclər kompüter elmlərindən uzaqlaşdıqca bir sıra mühəndislik ixtisaslarına maraq da artır. Abituriyentlərin daha çox üstünlük verdiyi istiqamətlər arasında tikinti, mexanika və kimya yer alır. Gənclər həmçinin energetika və robototexnikaya diqqət yetirirlər və bu sahələrin avtomatlaşdırmaya daha az həssas olduğunu düşünürlər.

Digər tələbə deyib: “Texniki və mühəndislik fakültələri gələcəkdir. Süni intellekt hələ iş yerlərimizi əlimizdən alacaq qədər yüksək səviyyədə deyil”.

Oxşar fikri Timişoara Politexnik Universitetinin rektoru Florin Dreqan da səsləndirib. Onun sözlərinə görə, abituriyentlər getdikcə daha çox robototexnikanı və ənənəvi mühəndislik istiqamətlərini, xüsusilə tikinti və energetikanı seçirlər.

“Bu sahələrdə hazırda süni intellekt sadəcə sizə kömək edir, sizi mütləq əvəz edə bilmir”, deyə o qeyd edib.

Nəşr vurğulayır ki, bu tendensiya yalnız bir universitetlə məhdudlaşmır. Timişoara Qərb Universitetində payız qəbulu üçün qalan 350-dən çox yerin təxminən üçdə biri məhz informatika ixtisasının payına düşür.

Bu, yaxın vaxtlara qədər ən perspektivli ixtisaslardan biri hesab edilən sahələrə gənclərin münasibətində nəzərəçarpacaq dəyişiklik olduğunu göstərir.

Aydın