Android smartfonla aparılan təcrübə göstərib ki, telefonu alüminium folqaya bükməklə simsiz əlaqəni müəyyən qədər bloklamaq mümkündür. Bunun əsasında isə real fiziki prinsip dayanır.
Qaynarinfo UNIAN-a istinadən xəbər verir ki, alüminium folqa yalnız qidaların təzəliyini qorumaq üçün istifadə edilmir, həm də simsiz siqnalları zəiflədə və bloklaya bilir.
“How-To Geek” nəşrinin müəllifi bunu praktiki olaraq yoxlamaq üçün Android smartfonunu iki qat alüminium folqaya büküb. Daha sonra başqa cihazdan “WhatsApp” vasitəsilə telefona zəng edilməyə cəhd göstərilib.
Nəticədə zəng telefona daxil olmayıb.
Daha sonra adi mobil rabitə də yoxlanılıb və nəticə dəyişməyib. Smartfon zəngləri və mətn mesajlarını qəbul etməyib.
Bunun səbəbi alüminium folqanın simsiz bağlantı üçün lazım olan radio siqnallarını zəiflətməsi və onların telefona daxil olmasına mane olmasıdır.
Wi-Fi, mobil rabitə, “Bluetooth” və GPS radio dalğalarından istifadə edir. Alüminium isə elektrik keçiricisi olduğuna görə radio dalğalarını əks etdirə və zəiflədə bilər. Nəticədə metal təbəqə siqnalların normal şəkildə keçməsinə mane olur.
Bu prinsip “Faraday qəfəsi” kimi tanınan sistemin əsasını təşkil edir. Mobil cihaz keçirici materialla kifayət qədər sıx şəkildə əhatə olunduqda radio siqnallarının içəri daxil olması və ya cihazdan kənara çıxması çətinləşir.
Təcrübə göstərib ki, telefon keçirici materialla kifayət qədər sıx örtüldükdə bu üsul həqiqətən işləyə bilər.
Bəs folqaya bükmək smartfonu haker hücumlarından qoruya bilərmi?
Telefonun folqaya bükülməsi simsiz siqnalları blokladığı üçün uzaqdan həyata keçirilən bəzi müdaxilə cəhdlərinin qarşısını müvəqqəti ala bilər. Lakin bu üsulu hakerlərdən etibarlı qorunma vasitəsi hesab etmək olmaz.
Əgər smartfon artıq zərərli proqram və ya virusla yoluxubsa, alüminium folqa təhlükəni aradan qaldırmayacaq.
Smartfonun təhlükəsizliyi üçün güclü parollardan və iki mərhələli təsdiqdən istifadə etmək, əməliyyat sistemini və tətbiqləri mütəmadi yeniləmək, şübhəli keçid və elektron məktubları açmamaq, həmçinin “Android” və “iPhone” cihazlarında mövcud təhlükəsizlik vasitələrindən istifadə etmək daha vacibdir.
Bununla belə, folqanın təhlükəsizlik və məxfiliyin qorunması baxımından praktiki istifadəsi də var. Hüquq-mühafizə orqanları və rəqəmsal ekspertiza mütəxəssisləri götürülmüş smartfonları xüsusi “Faraday” çantalarına və ya ekranlaşdırıcı zərflərə yerləşdirirlər.
Bu vasitələr simsiz siqnalları bloklayaraq cihazlara uzaqdan girişin və ya onların məlumatlarının silinməsinin qarşısını almağa kömək edir.
Belə çantalar alüminium, mis və nikel kimi keçirici materialların nazik qatlarından hazırlanır. Onlar mahiyyət etibarilə “Faraday qəfəsi” prinsipi ilə işləyərək cihazı xarici radio siqnallarından təcrid edir.
Oxşar prinsip mikrodalğalı sobalarda da istifadə olunur. Mikrodalğalı soba da bir növ “Faraday qəfəsi” hesab olunur. Onun qapısındakı metal tor mikrodalğaların sobadan kənara çıxmasına mane olur.
Eyni prinsip bank kartları üçün RFID qoruyucu qablaşdırmalarda da tətbiq edilir. Bu vasitələr xarici oxuyucuların siqnallarını bloklayaraq kartdakı çipdən məlumatların əldə edilməsinin qarşısını almağa kömək edir.
Beləliklə, smartfonu alüminium folqaya bükmək eksperiment üçün maraqlı üsul olsa da, izlənmədən qorunmaq və əlaqəni tam bloklamaq üçün buna etibarlı vasitə kimi yanaşmaq olmaz.
Günay
Şərhlər