Ukraynada tammiqyaslı müharibə illərində gənc nəsil təkcə orduda deyil, həm də dövlət idarəçiliyində müdafiə sahəsində əsas dəyişikliklərin aparıcı qüvvəsinə çevrilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” yazır.
Nəşrin fikrincə, dövlət və orduda ən yüksək vəzifələri yaşlı nəsil tutsa da, orta və aşağı idarəetmə səviyyələrində çalışan gənclər Ukraynanın müdafiəsinə texnoloji üstünlük və çeviklik qazandırırlar.
Məqalədə Ukrayna Müdafiə Nazirliyində çalışan iyirmi yaşlarında bir əməkdaşın nümunəsi təqdim olunur. Bildirilir ki, o, Danimarkanın ayırdığı hərbi yardım paketini yoxlayarkən Ukraynaya ehtiyac duyulandan daha qısa mənzilli artilleriya sursatlarının nəzərdə tutulduğunu aşkar edib. Uzun bürokratik prosedurları gözləmək əvəzinə, o, birbaşa Danimarka rəsmiləri ilə əlaqə saxlayaraq yardım paketinin dəyişdirilməsinə nail olub. Nəticədə Ukrayna 15 min uzaqmənzilli artilleriya mərmisi əldə edib.
Nəşr qeyd edir ki, məhz bu cür gənc mütəxəssislər tədricən sovet idarəçilik məktəbinin nümayəndələrini əvəz edirlər. Gənc mühəndislər müasir pilotsuz uçuş aparatları hazırlayır, sahibkarlar hərbi texnologiyaların istehsalını təşkil edir, dövlət qulluqçuları isə bürokratik prosedurları sadələşdirərək zəruri avadanlığın cəbhəyə daha sürətli çatdırılmasını təmin edirlər.
Məqalədə vurğulanır ki, nəsillərin bu dəyişməsi müharibənin xarakteri ilə bağlıdır. Ukrayna canlı qüvvə və silah baxımından Rusiya ilə rəqabət apara bilmədiyi üçün əsas diqqəti texnoloji innovasiyalara yönəldib.
Nəşrin yazdığına görə, bu gənclər olmasaydı, belə yüksək innovasiya səviyyəsinə nail olmaq və yeni texnologiyaların Ukraynanın müdafiə sisteminə bu qədər uğurla inteqrasiyası mümkün olmazdı.
"The New York Times” həmçinin 26 yaşlı Mixaylo Rudominskinin hekayəsini təqdim edir. Bildirilir ki, o, hərbçi tanışının müraciətindən sonra Rusiyanın radioelektron mübarizə vasitələrinə qarşı davamlı hərbi rabitə sistemləri hazırlayan "Himera” şirkətini yaradıb. İlk vaxtlar hərbçiləri öz məhsulunu almağa razı salmaq çətin olsa da, sonradan bu texnologiyadan Ukraynanın xüsusi təyinatlı bölmələri istifadə etməyə başlayıb. Hazırda isə həmin rabitə vasitələrindən 10 mindən çox hərbi qulluqçunun yararlandığı bildirilir.
Məqalədə son üç ildə yüzlərlə müdafiə startapını maliyyələşdirən "Brave1” platformasına da xüsusi yer ayrılıb. Bildirilir ki, platforma hərbi texnologiyaların inkişafı üçün mühüm mərkəzə çevrilib.
"Bu, dövlət layihəsinə bənzəmirdi. Daha çox böyük texnologiya şirkətini xatırladırdı”, deyə platformanın əməkdaşlarından biri bildirib.
Bununla yanaşı, nəşr vurğulayır ki, yeni nəslin önə çıxması cəmiyyətdə birmənalı qarşılanmayıb. Məqalədə 35 yaşlı müdafiə naziri Mixaylo Fedorovun vəzifədən uzaqlaşdırılması ilə bağlı məlumat da yer alıb. Yazıda qeyd olunur ki, müdafiə sahəsində bir çox yeniliklərin müəlliflərindən biri hesab edilən Fedorovun vəzifədən uzaqlaşdırılmasına etiraz olaraq əsasən gənclər küçələrə çıxıblar. Etirazçılar islahatların dayandırılacağından narahat olduqlarını bildiriblər.
"Biz müharibənin əvvəlki üsullarla idarə olunmasına qayıtmaq istəmirik. İnsanlar irəliləmək istəyirlər və Fedorov bu irəliləyişin simvolu idi”, deyə etirazçılar bildiriblər.
Aydın
Şərhlər