Əsl dinozavr skeletləri son illərdə dünyanın ən varlı kolleksiyaçıları arasında böyük maraq doğurub. Lakin sürətlə artan tələbat saxta eksponatların və mənşəyi şübhəli qalıqların da bazara çıxmasına səbəb olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” geniş araşdırmasında yazır.
Nəşrin məlumatına görə, 2022-ci ilin payızında "Christie’s” hərrac evi Honkonqda "Shen” adlı tirannozavr skeletini satışa çıxarmağa hazırlaşırdı. Eksponatın dəyəri 15–25 milyon ABŞ dolları arasında qiymətləndirilirdi.
Bu bazara maraq daha əvvəl "Stan” adlı "Tyrannosaurus rex” skeletinin 31,8 milyon ABŞ dollarına satılmasından sonra kəskin artmışdı. Daha sonra milyarder Ken Qriffin 44,6 milyon ABŞ dollarına steqozavr skeleti alaraq yeni rekordlardan birinə imza atmışdı. Məqalədə qeyd olunur ki, dinozavr skeletləri zəngin kolleksiyaçılar üçün incəsənət əsərləri və nadir kolleksiya əşyaları kimi prestijli investisiya obyektinə çevrilib.
Lakin "Shen” skeleti ilə bağlı hərrac başlamazdan əvvəl ciddi şübhələr yaranıb. Bir neçə paleontoloq, broker və kolleksiyaçı eksponatın fotolarını araşdırdıqdan sonra skeletin çoxsaylı hissələrinin məşhur "Stan” skeletinin sümüklərinin surətlərinə bənzədiyini bildirib. Onların fikrincə, on milyonlarla dollar dəyərində qiymətləndirilən eksponatın elmi əhəmiyyəti təqdim olunduğu qədər yüksək olmayıb.
Araşdırmada bildirilir ki, hadisənin əsas fiqurlarından biri britaniyalı məsləhətçi Martin Cenkins olub. O, dinozavr kolleksiyası toplamağa başlayaraq muzeylər və alimlərlə əməkdaşlıq edib. Cenkins bazarda şəffaflıq standartlarını yüksəltmək istədiyini desə də, onun iştirak etdiyi layihələr dəfələrlə tənqid hədəfinə çevrilib.
Bəzi paleontoloqlar reklam materiallarında skeletlərin tamlığı ilə bağlı məlumatların şişirdildiyini, sənədlərdə isə ayrı-ayrı sümüklərin mənşəyi və orijinallığı barədə vacib məlumatların çatışmadığını bildiriblər.
Belçikalı paleontoloq Paskal Qodfrua bir neçə eksponatın sənədlərini araşdırdıqdan sonra çoxsaylı uyğunsuzluqlar aşkar etdiyini bildirib. Tanınmış dinozavr tədqiqatçısı Fil Karri də belə skeletlərdən birini gördükdən sonra həmkarlarına ehtiyatlı olmağı tövsiyə edib.
"Buna şübhə ilə yanaşmalısınız”, deyə o bildirib.
Bundan əlavə, məşhur fosil ovçusu və "Stan” skeletinin əqli mülkiyyət hüquqlarının sahibi Piter Larson da etiraz edib.
"Onlar ‘Stan’dan istifadə edərək əslində "Stan" olmayan bir dinozavrı satırlar. Bu, insanları ciddi şəkildə yanıltmaqdır”, deyə o, "Shen” skeletinin fotolarını gördükdən sonra bildirib.
Mütəxəssislərin müraciətlərindən sonra "Christie’s” hərrac evi satış prosesini dayandırıb və bunu əlavə araşdırmalara ehtiyac yaranması ilə izah edib.
"Bloomberg”in araşdırması Yeni Zelandiya, Böyük Britaniya və Fransadakı muzeylərdə nümayiş etdirilən digər eksponatlar ətrafında yaranmış mübahisələrə də toxunur. Alimlər və jurnalistlər bəzi skeletlərin xüsusiyyətləri ilə bağlı iddiaları şübhə altına alsalar da, onların sahibləri vəkilləri vasitəsilə bütün ittihamları rədd edib, hətta məhkəmə iddiaları ilə hədələyiblər.
Bununla belə, qalmaqallara baxmayaraq, dinozavr skeletləri bazarına maraq artmaqda davam edir. 2026-cı ilin iyulunda "Sotheby’s” hərracında "Gus” adlı "Tyrannosaurus rex” skeleti rekord məbləğə – 50,1 milyon ABŞ dollarına satılıb.
Paleontoloq Paskal Qodfruanın fikrincə, bu bazarda şəffaflığın olmamasından zərər çəkənlər yalnız alıcılar deyil, həm də elm ola bilər.
Aydın
Şərhlər