ABŞ Prezidenti Donald Tramp administrasiyasında Rusiyaya qarşı yeni sanksiyaların genişləndirilməsi ilə bağlı ehtiyatlı yanaşmanın əsas səbəblərindən birinin ABŞ dollarının qlobal mövqeyinin zəifləməsi riski olduğu bildirilir.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” yazır.
Nəşrin məlumatına görə, ABŞ Konqresində Rusiyaya və onun müttəfiqlərinə qarşı əlavə məhdudiyyətlərin tətbiqini nəzərdə tutan qanun layihəsi müzakirə olunur. Layihə senator Lindsi Qremin təşəbbüsü ilə hazırlanıb və Rusiyaya qarşı məcburi sanksiyaların tətbiqini, eləcə də Rusiya enerji daşıyıcılarını alan ölkələrə tariflərin tətbiqi imkanını nəzərdə tutur.
Məqalədə qeyd olunur ki, bu məsələ ABŞ-ın iqtisadi gücündən xarici siyasət məqsədlərinə çatmaq üçün istifadə etməklə yanaşı, ölkənin qlobal maliyyə sistemindəki aparıcı mövqeyini qorumaq arasında mürəkkəb tarazlıq yaratdığını göstərir.
ABŞ sanksiyaları faktiki olaraq fiziki şəxsləri və şirkətləri Qərbin maliyyə sistemindən kənarda qoyur. Bunun əsas səbəbi dolların beynəlxalq maliyyə əməliyyatlarında əsas hesablaşma valyutası olmasıdır.
"The New York Times” yazır ki, Tramp administrasiyasında Çin yuanının və kriptovalyutaların istifadəsinin artması fonunda dünyanın dollardan tədricən uzaqlaşa biləcəyi ilə bağlı narahatlıq güclənir.
Nəşrdə qeyd olunur ki, bəzi hallarda sərt sanksiyalar digər ölkələri ABŞ hökumətinin təsirindən yayınmaq və iqtisadiyyatlarına mümkün zərərləri azaltmaq üçün alternativ valyutalara keçməyə təşviq edə bilər. Bundan əlavə, sanksiyalar ABŞ bankları üçün də əlavə uyğunluq tələbləri yaradır, çünki onlar qara siyahıya salınmış şəxslər və ya şirkətlərlə ödəniş əməliyyatlarının aparılmadığını təmin etməlidirlər.
Məqalədə həmçinin ABŞ Milli İqtisadi Araşdırmalar Bürosunun (NBER) yeni işçi sənədinə istinad edilir. Həmin sənədə görə, ABŞ-nin sərt sanksiyalarına məruz qalan Rusiya, Belarus, Qırğızıstan və Myanmada banklar hesablaşmalarda Çin yuanından istifadəyə nəzərəçarpacaq dərəcədə daha çox üstünlük verməyə başlayıblar.
Lindsi Qremin qanun layihəsi
Məqalədə qeyd olunur ki, ABŞ Konqresində Demokratlar Partiyasının bəzi nümayəndələri senator Lindsi Qremin hazırladığı və mediada "cəhənnəm sanksiyaları” kimi tanınan qanun layihəsinə qarşı çıxıblar. Bununla bağlı bəyanatı demokrat konqresmen Don Bayer yayıb.
Aydın
Şərhlər