Antarktidadakı "Concordia” elmi-tədqiqat stansiyasında -84,1 dərəcə Selsi temperatur qeydə alınıb. Bu, 2012-ci ildən bəri Yer kürəsində ölçülmüş ən aşağı temperatur göstəricisidir və stansiyada indiyədək qeydə alınmış tarixi minimumdan cəmi 0,5 dərəcə yüksəkdir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Polskie Radio 24” məlumat yayıb.
Böyük Britaniyanın "Met4Cast – UK Weather” meteoroloji xidmətinin məlumatına görə, bu göstərici hətta Antarktida standartları ilə də son dərəcə güclü soyuq hava dalğasına işarə edir.
"Concordia” stansiyası dünyanın ən təcrid olunmuş elmi-tədqiqat bazalarından biri hesab olunur. Fransa–İtaliya birgə elmi kompleksi Antarktida sahillərindən təxminən 1100 kilometr məsafədə, Qütb yaylasında və dəniz səviyyəsindən təxminən 3200 metr yüksəklikdə yerləşir.
Avropa Kosmik Agentliyinin (ESA) məlumatına görə, baza qütb səhrasında yerləşir və burada çalışan alimlər xroniki hipoksiya şəraitində fəaliyyət göstərirlər. Bu ərazidə oksigen səviyyəsi dəniz səviyyəsi ilə müqayisədə təxminən üçdəbir azdır.
Fevralın ortalarından noyabrın ortalarınadək stansiya faktiki olaraq xarici dünya ilə əlaqədən kəsilir. Bu müddətdə ekstremal hava şəraiti səbəbindən bazaya uçuşlar mümkün olmur və təxminən 12 nəfərlik heyət aylarla tam təcrid şəraitində yaşayır. Qış mövsümündə isə Günəş təxminən dörd ay ərzində üfüq üzərində görünmür.
Məhz bu ekstremal şəraitə görə Avropa Kosmik Agentliyi "Concordia” stansiyasından gələcək kosmik missiyalara hazırlıq üçün təbii sınaq meydanı kimi istifadə edir. Burada uzunmüddətli təcridin insan orqanizminə fizioloji və psixoloji təsirləri araşdırılır. Bu tədqiqatların gələcəkdə dərin kosmosa həyata keçiriləcək uçuşlarda tətbiq edilməsi nəzərdə tutulur.
Aydın
Şərhlər