Xəbər lenti

Nyu-Yorku itirmək Tramp üçün nə deməkdir?
Dünya 19:52 05.11.2025

Nyu-Yorku itirmək Tramp üçün nə deməkdir?

ABŞ-da Donald Trampın yenidən prezidentliyə qayıdışından sonra keçirilən ilk böyük seçkilərdə Demokratlar Partiyasının nümayəndələri bir neçə mühüm qələbə qazandılar. Onların arasında üç əsas yarış xüsusilə diqqət çəkdi - Nyu-York meri və Virciniya ilə Nyu-Cersi ştatlarının qubernator seçkiləri. Və bu vəziyyət olduqca maraqlı görünür.

Əvvəla, Nyu-Yorkda rekord sayda seçici – 2 milyondan çox insan – səs verib və nəticədə sosialist Zohran Mamdani qalib gəlib. O, çoxsaylı vədlər verib, lakin bunların necə həyata keçiriləcəyi böyük sualdır. Çünki nə maliyyə baxımından, nə də siyasi cəhətdən onun bu proqramları reallaşdırmaq üçün konkret mexanizmləri yoxdur. Proqramda korporasiyalar və varlı şəxslər üçün vergilərin artırılması, pulsuz uşaq baxçası və nəqliyyat, kirayə qiymətlərinin dondurulması kimi təşəbbüslər yer alır.

İkincisi, bu nəticəni Demokratlar üçün böyük qələbə saymaq hələ tezdir. Bəli, Nyu-Yorkda Mamdani böyük fərqlə qalib gəldi, lakin digər hallarda Demokratların üstünlüyü Respublikaçıların Konqresdəki üstünlüyünə bənzəyir – yəni, minimal və faktiki olaraq qeyri-sabitdir. Üstəlik, Trampın hazırkı reytinqləri çox aşağıdır, bu da Respublikaçı Partiyanın göstəricilərinə birbaşa təsir edir.

Bu, ehtimal ki, 2026-cı ilin 3 noyabrında keçiriləcək aralıq seçkilərdə də eyni şəkildə təkrarlanacaq. Statistik göstəricilər göstərir ki, XXI əsrdə heç bir ABŞ prezidenti aralıq seçkilərdən sonra Konqresdə çoxluğu saxlaya bilməyib.

Tramp isə statistika baxımından ən az populyar prezidentdir (hətta özünün ilk prezidentlik dövründəki göstəriciləri belə bu qədər aşağı idi). Buna görə də onun çoxluğu qoruyub saxlaya bilməyəcəyi demək olar ki, aydındır.

Əsas məsələ isə partiya daxilindəki bölgüdədir. Respublikaçılar çoxluğu itirə bilər – bəli. Amma sual budur: bu partiyanın hansı hissəsi Trampı dəstəkləyəcək, hansısı isə klassik mühafizəkar xətti davam etdirəcək? Eyni şey Demokratlara da aiddir, çünki hazırda partiyada sosialist yönümlü fiqurlar, məsələn Mamdani, populyarlıq qazanır. Mərkəzçi demokratlar sırf eyni partiyadan olduğu üçün sosialist Mamdanini dəstəkləməyə hazır olacaqlarmı?

Beləliklə, növbəti mərhələdə əsas intriqa kimin neçə yer tutacağı deyil, partiyaların ümumilikdə necə formalaşacağı olacaq. Başqa sözlə, gələcəkdə biz klassik Respublikaçı və klassik Demokrat partiyalarını tanıya biləcəyikmi?

Tramp artıq Mamdaninin qələbəsinə reaksiya verib və görünür, bundan sonra da populist şüarlarla çıxış etməyə davam edəcək. Lakin o, eyni zamanda, partiya üzərində nəzarəti saxlamaq üçün daha praktik addımlar atmağa da başlayır.

Bunun bariz nümunəsi "filibaster” məsələsidir – yəni qanun layihəsini bloklamaq üçün müzakirələri sonsuz uzatmaq taktikasının tətbiqi. Vaxtilə Tramp bu prosedurun fəal tərəfdarı idi. Amma Nyu-Yorkda Mamdaninin qələbəsi və Respublikaçıların Konqresdə çoxluğu itirə biləcəkləri barədə sorğular yayılandan sonra Tramp filibasterin ləğvini təklif etməyə başladı.

Beləliklə, Tramp artıq yalnız şüarlarla kifayətlənmir – o, qaydaların dəyişdirilməsi və prosedurların yenidən qurulması istiqamətində real siyasi manevrlərə keçir. Bu isə onun Demokratların gələcək üstünlüyünü məhdudlaşdırmaq üçün irəlidən hərəkət etdiyini göstərir.

Aleksandr Krayev (politoloq)
Tərcümə: Qaynarinfo.az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->