Portuqaliya 2026-cı il FIFA Dünya Kubokunun 1/16 final mərhələsində Xorvatiyanı 2:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Bu nəticədən sonra Portuqaliya növbəti mərhələdə İspaniya ilə qarşılaşacaq.
Qayanrinfo xəbər verir ki, matçdan sonra Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo jurnalistlərin suallarını cavablandırıb. 41 yaşlı hücumçu çıxışında vəfat edən komanda yoldaşı Dioqo Jotanı anaraq "Onun işığı bizi işıqlandırır" deyib.
"Belə gərgin oyun gözləyirdim. Kapitan kimi bu cür anları dəfələrlə yaşamışam. Demişdim ki, əziyyət çəkməyi bacarmalıyıq. Belə böyük turnirdə qalib gəlmək üçün çətinliklərə dözməyi öyrənmək lazımdır. Düşünürəm ki, azarkeşlər üçün də maraqlı qarşılaşma alındı. Birinci hissədə oyuna nəzarət edirdik, lakin ikinci hissə bir qədər xaotik keçdi. Bu, futbolun təbiətidir. Rəqib qol vurdu, biz isə gərginlik və müəyyən panika yaşadıq. Penaltini qola çevirdikdən sonra emosional dönüş nöqtəsi yarandı. Bundan sonra oyun bizim üçün bir qədər asanlaşdı. Daha sonra yenidən çətin anlar yaşadıq. Lakin bu, Dünya Kubokudur. Hər vəziyyətə hazır olmalı və yolumuza davam etməliyik", deyə Ronaldo qeyd edib.
Dioqo Jota haqqında danışan Ronaldo bildirib: "Bu gün xüsusi gündür. Bildiyiniz kimi, Jotamız yuxarıdan bizi işıqlandırır. Bu, çox xüsusi andır. Hamımız onun varlığını yanımızda hiss etdik və onu ən yaxşı şəkildə yad etmək üçün mütləq qalib gəlməli idik".
Ronaldo matçdan sonra Xorvatiya millisinin ulduzu Luka Modriçlə vidalaşdığını da təsdiqləyib: "Ona vida etdim. O, futbol əfsanəsidir və bu gün də belədir. Demək olar ki, eyni yaşdayıq, mən ondan bir yaş böyükəm. Modriçin futbola verdiyi və verməkdə davam etdiyi töhfələrə böyük hörmət bəsləyirəm".
Qeyd edək ki, Portuqaliya millisinin sabiq üzvü Dioqo Jota İspaniyada baş verən ağır qəzada həlak olmuşdu.
Aydın
Şərhlər