XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Alimlər kişilər və qadınlar arasındakı fərqlərin əksəriyyətini təkzib etdi
Dünya23:15 27.08.2026

Alimlər kişilər və qadınlar arasındakı fərqlərin əksəriyyətini təkzib etdi

Alimlər cinslər arasındakı fərqlər barədə iddiaların yer aldığı elmi işlərin əksəriyyətinin əslində bunu təsdiqləyən düzgün sübutlar təqdim etmədiyini müəyyən ediblər. Araşdırmaların bir çoxunda kişilər və qadınlar birbaşa müqayisə edilməyib.

Qaynarinfo xəbər verir ki, tədqiqat “Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında dərc olunub.

Tədqiqatçılar 2019–2023-cü illərdə başlıqlarında və ya nəticələrində müəyyən effektin cinsdən asılı olduğunu bildirən 200 elmi məqaləni təhlil ediblər. Məlum olub ki, həmin işlərin 1/4-dən azında cinslər arasında düzgün statistik müqayisə aparılıb. Məqalələrin yarıdan çoxunda isə yüksək səslənən iddialara baxmayaraq, belə müqayisə ümumiyyətlə olmayıb.

Vəziyyət ən çox neyroelm sahəsində problemli olub: işlərin yalnız 18 faizində düzgün statistik metodlardan istifadə edilib. Psixologiyada isə bu göstərici daha yüksək – təxminən 39 faiz təşkil edib. Bununla belə, metodoloji səhvlər məqalələrin nüfuzlu jurnallarda dərc olunmasına mane olmayıb və onların istinad sayını azaltmayıb.

Müəlliflərin aşkar etdiyi ən geniş yayılmış səhvlərdən biri seçməni cinsə görə alt qruplara bölərək onları ayrı-ayrılıqda təhlil etmək, əvəzinə kişilər və qadınlar arasında birbaşa müqayisə aparmamaqdır. Bu yanaşma statistik gücü azaldır və əslində mövcud olmayan fərqlərin “aşkarlanmasına” səbəb ola bilər.

Diqqətçəkən məqam odur ki, 200 araşdırmadan yalnız ikisi əvvəlcədən qeydiyyatdan keçirilib. Bu isə nəticələrin əksər hallarda məlumatların təhlili prosesində formalaşdırıldığını göstərir.

Neyroelm sahəsində “cins fərqləri” ilə bağlı iddiaların sayı son iki onillikdə beş dəfədən çox artıb. Alimlərin bu cür iddiaları yoxlamasına kömək etmək üçün tədqiqat qrupu xüsusi onlayn alət də hazırlayıb.

Müəlliflər vurğulayırlar ki, söhbət cinslər arasında ümumiyyətlə fərqlərin olmamasından getmir. Məsələ ondadır ki, bu fərqlər elmi baxımdan düzgün şəkildə sübut edilməlidir. Əks halda, alimlərin xəbərdarlığına görə, elm və tibbdə diaqnostika və müalicəyə təsir göstərə biləcək xəyali fərqlər möhkəmlənə bilər.

Aydın