Foto 09:50 05.09.2023

Ölmüş iş adamının şiri Azərbaycandan Cənubi Afrikaya aparılıb - Əslində necə olub?

"The Daily Mail” qəzeti yazır ki, Azərbaycandakı zooparkda tərk edilmiş "Ruben" adlı şir heyvansevərlər tərəfindən Böyük Britaniyaya məxsus "Animal Defenders International” təşkilatının köməyi ilə 22 saatlıq uçuşdan sonra Cənubi Afrikaya çatdırılıb. 15 yaşlı "Ruben" Azərbaycanda bir biznesmenə məxsus olub. İş adamının ölümündən sonra şir zooparkın bir küncündəki dar qəfəsdə 6 il ərzində tək qalıb. Heyvanın qidalanması aşağı səviyyədə olub...

Bu məsələ mənə maraqlı gəldi. Araşdırdım. Məlum oldu ki, söhbət Qarabağ ermənilərinin nəzarəti altında olan zooparkdan gedir. İş adamı da ermənidir. Şirin "Ruben" adını daşıması da bu səbəbdən qaynaqlanır. 

Əlbəttə, "The Daily Mail” qəzetinin Qarabağı Azərbaycan torpağı kimi təqdim etməsi çox yaxşıdır. Ancaq məqalədə ən azı bir yerdə qeyd olunmalı idi ki, söhbət ermənilərin nəzarəti altında olan ərazidəki zooparkda saxlanılan heyvandan gedir. "Ruben" Qarabağdan böyük ehtimal ki, mart ayında Laçın buraxılış-keçid məntəqəsindən keçərək İrəvana aparılıb. Bu əməliyyata 9 saat vaxt sərf olunub. Bir müddət İrəvanda saxlanılan "Ruben" Qətər Hava Yolları vasitəsi ilə mənzil başına çatdırılıb. 

Azərbaycanın belə bir məqamı əldən verməsi təəssüf doğurur. Çünki bu fakt Azərbaycana ciddi təbliğat imkanları verə bilərdi. Bir şiri adam kimi saxlaya bilməyən Qarabağ erməniləri hansı dövlətdən danışırlar?...

"Animal Defenders International”ın prezidenti Jan Kramer deyir: "Ruben həyatında ilk dəfə dəmir qəfəsdən çıxaraq çəmənlikdə yeriyəndə (Cənubi Afrika meşəsində) göz yaşlarımızı saxlaya bilmədik". 

"The Daily Mail” qəzeti onu da vurğulayır ki, Rubenin xilas olunmasında onların da xüsusi rolu var. Belə ki, qəzet bu barədə dəfələrlə yazıb.

Elbəyi Həsənli
Sürix

Mənbələr: