İdman 17:56 28.03.2023

Oyundan sonra qalmaqal - məşqçi rəqib həmkarını vurdu (VİDEO)

Şotlandiyada "Seltik” və "Reyncers”in qadın futbol komandaları arasında keçirilən qarşılaşma qalmaqalla yekunlaşıb.

Qaynarinfo xəbər verir ki, matçın sonunda hər iki komandanın məşqçilər korpusu arasında mübahisə düşüb. 

Sözügedən komandalar arasındakı prinsipiallıq qadın futboluna da sirayət edib. Ancaq bu dəfə gərginlik futbolçular deyil, məşqçilər arasında yaşanıb. Daha doğrusu, məşqçilərdən biri rəqibini vurmaqla diqqət mərkəzinə düşüb. 

"Seltik"in futbolçusu Keytlin Hayis matçın 90+9-cu dəqiqəsində qol vuraraq komandasının çətin səfər matçından bərabərliklə qayıtmasını təmin edib. Final fitindən sonra "Seltik"in baş məşqçisi Fran Alonso futbolçularını təbrik edərkən şok hərəkətlə üz-üzə qalıb. "Reyncers"in köməkçi məşqçilərindən biri Kreyq Makferson meydanda qazandığı xalı qeyd edən həmkarına yaxınlaşaraq onu başı ilə vurub. Bundan təəccüblənən ətrafdakılar məsələnin böyüməməsi üçün Makfersonun qarşısını almağa çalışıb. Bununla belə, "Seltik"in baş məşqçisi üzləşdiyi hücuma baxmayaraq, "Reyncers"dəki həmkarının cəzalandırılmasını istəməyəcəyini bildirib. 

O, oyundan sonra açıqlamasında "Bu hərəkətin səbəbi məyusluqdur. Məndə də belə bir məyusluq olsaydı, onu bu şəkildə göstərməzdim. Amma bizdə belə oldu və mən bunun səbəbini başa düşürəm. Bu futboldur, emosiyalardır. O məni çox da bərk vurmadı. Bir az təmas hiss etdim və sonra mənə "balaca siçan" dediyini eşitdim. Səbəbini bilmirəm. Düzünü desəm, bunun mənim üçün heç bir əhəmiyyəti yoxdur. Oyunun bir hissəsi kimi olanları buradaca buraxa bilərik" - sözlərini söyləyib.

"Reyncers"in baş məşqçisi Malki Tomson köməkçisinin hərəkətinin ciddi bir şey olmadığını, lakin bunu araşdıracaqlarını deyib: "Baş verənləri görənə qədər şərh verməyəcəyəm. Əgər belədirsə, araşdırma başlanacaq. Kreyq o tip insan deyil. Düşünürəm ki, bu, ehtirasdır və bu kimi şeyləri hər iki tərəfin qarşılaşdığı matçlarda çox görmüşük”.
 
Məşqçilər arasında baş verən xoşagəlməz halın gğörüntüləri sosial şəbəkələrdə də yayılıb.