Dünya 11:46 17.05.2022

Paşinyan Putinlə görüşdə: “Sizinlə bəzi məlumatları bölüşmək istərdim”

Ermənistanın baş naziri Nikol Paşinyan KTMT sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşündə ATƏT-in Minsk Qrupu həmsədrlərinin rolu ilə bağlı bəzi məlumatları bölüşməyi təklif edib.

Qaynarinfo bu haqda Sputnik Ermənistan-a istinadla xəbər verir.

Paşinyanın sözlərinə görə, onun Rusiya Federasiyasına ilk rəsmi səfərindən bir aydan az vaxt keçib, o zaman hər iki ölkənin liderləri də çox mənalı söhbət ediblər, amma ikitərəfli gündəm o qədər sıxdır ki, görüşlər daha tez-tez keçirilə bilər.

"İqtisadiyyata gəlincə, qeyd etmək istərdim ki, mart ayında müəyyən tənəzzüldən sonra ikitərəfli iqtisadi əlaqələrin intensivləşəcəyi gözlənilir, təbii ki, biz Rusiya biznesinin investisiya marağına diqqət yetiririk. Bilirəm ki, bu məsələdə siz həm də bir növ rusiyalı iş adamlarını Ermənistana sərmayə qoymağa sövq edirsiniz. Bunun üçün sizə təşəkkür etmək istəyirəm”, - Paşinyan bildirib.

Paşinyan ümid və əmin olduğunu bildirib ki, tərəflər regional təhlükəsizlik, sabitlik, Dağlıq Qarabağın nizamlanması məsələsini də müzakirə edəcəklər.

"Birgə bəyanatımızda qeyd etdiyimiz kimi, burada ATƏT-in Minsk qrupunun həmsədrliyinin də rolu var. Mən sizinlə bəzi məlumatları bölüşmək və bu məsələni də müzakirə etmək istərdim", - Paşinyan söhbətin açıq hissəsində deyib.

Xatırladaq ki, KTMT ölkələrinin liderləri bazar ertəsi Moskvada keçirilən sammitdə Kollektiv Təhlükəsizlik Müqaviləsinin 30 illiyi və Təşkilatın 20 illiyi ilə bağlı birgə bəyanat qəbul ediblər.
 
Alpər