Siyasət 14:49 28.12.2022

Paşinyanı Vardanyan əvəz edərsə ... - Ekspertlər nə düşünür?

"Vardanyanın Ermənistanda hakimiyyətə gələcəyi təqdirdə Bakı ilə İrəvan arasındakı münasibətlər daha da kəskinləşə bilər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev erməni milyarder Ruben Vardanyanın Ermənistanda iqtidara gətiriləcəyi təqdirdə, Bakı ilə İrəvan arasında münasibətlərin necə olacağına aydınlıq gətirərkən deyib. Ekspert bildirib ki, Vardanyan İrəvanda iqtidara yiyələnsə, onun Azərbaycanla problemləri davam edəcək:



Ermənistan Azərbaycan münasibətləri İrəvanda kimin hakimiyyətə gəlməsilə bağlı deyil. Ermənistan müstəqil dövlət olmadığından müstəqil qərarlar da verə bilmir. Ermənistandan münaqişədə sadəcə olaraq hibrid vasitə kimi istifadə olunur. Erməni ictimai rəyinin Vardanyanın hakimiyyətə gətirilməsində maraqlı olduğunu düşünmürəm. Amma hər halda o İrəvanda iqtidara yiyələnsə, onun Azərbaycanla problemləri davam edəcək. Yəni, onun dövründə münasibətlər normallaşmağa doğru deyil, daha da kəskinləşməyə doğru istiqamət götürəcək. Vardanyan son çıxışında da cəmiyyəti müharibəyə səsləyib. Belə bir adamın Ermənistanda hakimiyyətə gətirilməsi prosesin daha da gərginləşməsinə rəvac verə bilər”. 

Ekspert qeyd edir ki, Vardanyan hakimiyyətə gətirilərsə, Moskva birmənalı şəkildə Köçəryan və Sarkisyan dövründə olduğu kimi İrəvana daha ciddi dəstək verəcək:
 
"Bu heç də Moskvanın Ermənistana simpatiyasından irəli gəlmir. Rusiya burada da imperiya maraqlarından çıxış edir”. 

Politoloq Zərdüşt Əlizadə isə birmənalı şəkildə əmin edir ki, Kreml Paşinyanı Vardanyanla əvəz edə bilməyəcək:
 

 
"Bunun üçün nə imkanı, nə də mexanizmləri yoxdur. Vardanyan Rusiyanın bölgə üzrə planlarını həyata keçirmək üçün Cənubi Qafqaza gətirilib. Rusiya Qarabağ münaqişəsinin həll edilməsini, Azərbaycanla Ermənistanın barışmasını istəmir. Barışıq rus əsarətindən qurtarmağın yeganə yoludur. Bu isə Moskvanın marağında deyil. Ona görə də əminəm ki, Vardanyan planı işləməyəcək. 

Vardanyanı nə erməni xalqı, nə də Azərbaycan tərəf müqabili kimi tanımır və tanımaq fikrində də deyil. Odur ki, Vardanyanın Paşinyanın yerinə gətirilməsi planı kağız üzərində qalacaq və bir müddətdən sonra bu şəxs suyu süzülə-süzülə bölgəni tərk edəcək”.

Rüfət Sultan