Milli Qəhrəman Pəncəli Teymurovun anası Vahimə Teymurova Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.
Qaynarinfo xəbər verir ki, məktubun mətnində deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarına!
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Pəncəli Nurməmməd oğlu Teymurovun anası Vahimə xanım tərəfindən təşəkkür məktubu.
9 il intizarla gözlədiyimiz şərəfi - oğlum Pəncəli Teymurovun ölümündən sonra Aprel döyüşlərində göstərdiyi igidliyinə görə "Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adı ilə təltif etdiyinizə görə öz adımdan, ailəmizin bütün üzvləri adından sizə öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Şəhid ailələrinə göstərdiyiniz qayğı və diqqət xalqımız tərəfindən yüksək qiymətləndirilir. Allah sizi başımızın üstündən heç vaxt əskik etməsin. Sizə uzun ömür, cansağlığı arzu edirik.
21 noyabr 2025-ci il”
Qeyd edək ki, Aprel şəhidi, əfsanəvi XTQ giziri Pəncəli Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. 3 aprel 2016-cı ildə 35 yaşında Aprel döyüşləri zamanı şəhid olub. "İgidliyə görə”, "Vətən uğrunda”, "Hərbi xidmətdə fərqlənməyə görə”, "Qüsursuz xidmətə görə” II-ci və III-cü dərəcəli medalları ilə təltif olunub.
Noyabrın 7-də isə Prezident İlham Əliyevin Sərəncamı ilə P.Teymurov Milli Qəhrəman adına layiq görülüb.
Şərhlər