"BBC Wildlife" nəşri Yer kürəsində yaşayan ən böyük heyvanların siyahısını hazırlayıb. Reytinqə məməlilər, sürünənlər, həşəratlar və meduzalar daxil edilib.
Qaynarinfo xəbər verir ki, siyahıda diqqətçəkən rekordlardan biri okeanın nəhəng sakininə aiddir. Belə ki, onun yalnız bir orqanının çəkisi quruda yaşayan bütöv bir yetkin filin çəkisinə bərabərdir.
Nəşrin məlumatına görə, planetin ən böyük 10 heyvanından 9-u balinalardır. Onuncu yerdə isə dünyanın ən böyük balığı hesab edilən balina köpəkbalığı qərarlaşıb. Onun çəkisi təxminən 20 tona çatır.
Ən böyük quş
Yer üzündə yaşayan ən böyük quş dəvəquşudur. O, uça bilməyən təxminən 60 quş növündən biridir.
Uça bilən quşlar arasında isə qanad açıqlığı 3,5 metrə çatan səyyah albatros lider hesab olunur.
Ən böyük yırtıcı quş isə Boliviya, Çili, Kolumbiya və Ekvadorda yaşayan And kondorudur. Onun qanad açıqlığı 3,2 metrə, çəkisi isə 15 kiloqrama qədər çatır.
Ən böyük quru məməlisi
Dünyanın ən ağır quru məməliləri fillərdir. Birinci yerdə Afrika savanna fili, onun ardınca Asiya fili və Afrika meşə fili gəlir.
İndiyədək qeydə alınmış ən böyük filin boyu 3,96 metr, çəkisi isə 10 400 kiloqram olub.
Avropanın ən böyük quru məməlisi isə çəkisi 1 tona çata bilən Avropa bizonudur.
Ən böyük sürünən
Planetin ən böyük sürünəni duzlu su timsahı kimi tanınan daraqlı timsahdır. O, eyni zamanda dünyanın ən təhlükəli heyvanlarından biri hesab edilir.
Yetkin erkəklərin uzunluğu 5 metrə, çəkisi isə təxminən 500 kiloqrama çatır. Dişilər isə xeyli kiçik olur – uzunluğu 3 metrdən az, çəkisi isə təxminən 100 kiloqramdır.
Alimlər hesab edirlər ki, keçmişdə çəkisi 1 500–2 000 kiloqram olan daha iri timsahlar mövcud olub, lakin ov səbəbindən onların nəsli kəsilib.
Okeanın ən böyük heyvanı
Okeanların və ümumilikdə Yer kürəsinin ən böyük heyvanı mavi balinadır.
Soyuq okean sularında bədən temperaturunu qorumaq üçün bütün balinalar iri ölçülərə malikdir. Mavi balinanın uzunluğu 33 metrə, çəkisi isə 180 tona qədər çata bilir. Erkəklər adətən bir qədər kiçik olur və təxminən 150 ton çəkirlər.
Nəhəng ölçülərinə görə bu növün təbii düşməni demək olar ki, yoxdur. Bununla belə, bəzi hallarda qatil balinaların (orka) sürü halında yetkin mavi balinanı öldürdüyü qeydə alınıb.
Mavi balinanın dili bütöv bir yetkin fil qədər çəkir ki, bu da onu heyvanlar aləminin ən nəhəng nümayəndəsinə çevirir.
Ən böyük həşərat
Həşəratların çoxsaylı növləri səbəbindən mütləq rekordçunu müəyyənləşdirmək çətin olsa da, ən uzun həşərat 2014-cü ildə Çində aşkar edilmiş nəhəng Çin çubuq həşəratı hesab olunur.
Təbiətdə tapılmış ilk dişinin uzunluğu ayaqları ilə birlikdə 62,4 santimetr olub. Əsirlikdə yetişdirilən nəsli isə 64 santimetr uzunluğa çatıb.
Ən böyük ilan
Dünyanın ən uzun ilanı Cənubi və Cənub-Şərqi Asiyanın tropik meşələrində, savannalarında və çəmənliklərində yaşayan torlu pitondur.
İndiyədək qeydə alınmış ən böyük nümunənin uzunluğu 1912-ci ildə 10 metr ölçülüb.
Dünyanın ən ağır ilanı isə yaşıl anakondadır.
Ən böyük hörümçək
Planetin ən böyük hörümçəyi Qoliaf quşyeyən hörümçəkdir.
Onun çəkisi təxminən 175 qram, ayaqlarının açıqlığı isə 30 santimetrə qədərdir. Hörümçəyin bədəni qızılı-qonur tüklərlə örtülüb və ölçüsünə görə böyük nahar boşqabını xatırladır.
Ən böyük kisəli məməli
Hazırda yaşayan ən böyük kisəli məməli qırmızı kenqurudur.
Onun çəkisi 90 kiloqrama, boyu isə 1,8 metrdən çox ola bilər.
Ən böyük primat
Yer üzündə yaşayan ən böyük primat şərq qorillasıdır.
Yetkin erkəklər 250 kiloqrama qədər çəkiyə və 2 metr boya malik olur.
Müqayisə üçün, ən kiçik primat hesab edilən Madam Bertenin siçan lemuru cəmi 30 qram çəkir.
Ən böyük meduza
Uzun müddət ən böyük meduza kimi şir yallı meduza göstərilsə də, hazırda alimlər Nomura meduzasını bu kateqoriyada lider hesab edirlər.
Onun günbəz formalı gövdəsinin diametri 2 metrə, çəkisi isə 200 kiloqrama qədər çatır. Bu meduzanın sancması son dərəcə təhlükəli, bəzi hallarda isə ölümcül ola bilər.
Ən böyük şirin su balığı
Dünyanın ən böyük şirin su balığı nəhəng şirin su skatıdır.
2022-ci ilin iyununda Kambocada Mekonq çayında uzunluğu 3,98 metr, eni 2,2 metr və çəkisi 300 kiloqram olan dişi fərd tutulub. Bu, təxminən yetkin qrizli ayısının çəkisinə bərabərdir.
Aydın
Şərhlər